Azərbaycanın pambıqçılıq sektorunda canlanma başlayıb
31 Mart 2011 Cümə Axşamı 17:40
Dünya bazarında pambığın qiymətinin artması Azərbaycanın pambıqçılıq təsərrüfatında canlanmaya səbəb olub.
Ölkədə fəaliyyət göstərən pambıqçılıq müəssisələri pambıq əkini sahələrini genişləndirməyə və fermerlərdən pambığın alış qiymətini tədricən artırmağa başlayıb. Ölkənin ən böyük pambıqçılıq şirkətlərindən olan MKT fəaliyyət göstərdiyi rayonlarda yerli fermerlərdən 1 kq pambığın alış qiymətini təqribən 7% - 39 qəpikdən 42 qəpiyə qaldırıb.
Əsas təsisçisi MKT şirkəti olan «Yevlax-Pambıq» ASC-dən «APA-Economics»ə verilən məlumata görə, dünya bazarında qiymətlərin artması və fermerlərdən alış qiymətinin yüksəlməsi yerli fermerlər arasında bu sahəyə marağı artırıb. Nəticədə, təkcə Yevlax rayonunda pambıq sahələri 53% artaraq ötənilki 400 hektardan bu il 613 hektara çatıb. Bəzi fermerlər hətta əvvəllər taxıl əkilən sahələrdə pambıq əkirlər. Göyçayda da pambıq sahələrinin təqribən 30% artaraq 60-dan 80 hektara çatması gözlənilir. Ucar rayonunda isə əksinə, pambıq sahələri ötənilki 700 hektardan 600-ə enib. «Ucar-Pambıq» ASC-nin sədri Şaban Səmədovun sözlərinə görə, səbəb odur ki, maksimum gəlir götürmək üçün fermerlər pambığı daha münbit ərazilərdə əkməyə başlayıblar.
Pambıq sahələrinin genişləndiyini MKT şirkətində də təsdiqləyirlər. Burada bildiriiblər ki, sel və daşqınlardan əvvəl pambıq sahələri üzrə müqavilələrin həcmi 19 min hektara yaxın olsa da, daşqın nəticəsində bunun yalnız 16,2 min hektarında əkin aparmaq mükün olub. Bu il isə müqavilə bağlanan sahələr 19% artaraq 20 min hektarı keçib.
Ümumilikdə, ölkə üzrə pambıq tədarükü son bir ildə 17% artaraq 2009-cu ildəki 31,9 min tondan 2010-cu ildə 37,3 min tona çatıb. Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, son iki ildə pambıq sahələrinin ciddi artım dinamikası müşahidə olunur. Belə ki, 2009-cu ildə 21 min hektar olan pambıq əkini sahələri, 2010-cu ildə 30 min hektara çatıb. Bu il isə 41 min hektar pambıq sahələri üzrə müqavilələr imzalanıb.
Bununla yanaşı, yerli müəssisələr də fermerlərdən alış qiymətinin aşağı olduğunu bildirir. «Göyçay-Pambıq» ASC-dən bildiriblər ki, alış qiymətinin 1 kq pambığa görə 55-60 qəpiyə qaldırılması fermerlərin bu sahəyə marağını kəskin artıra bilər. Yeri gəlmişkən, MKT şirkətində qeyd ediblər ki, dünya bazarında qiymətlər bundan sonra da - məsələn, avqust ayınadək bu həddə qalsa, alış qiymətlərini artırmaq ehtimalı var.
Hələlik isə bu sahənin əmək tutumlu olması fermerlərin pambıqçılığa böyük marağına mane olur. Üstəlik, pambıqçılıqla məşğul olmaq üçün əmək qüvvəsi də çatmır.
Pambığın hazırkı alış qiyməti Kənd Təsərrüfatı Nazirliyini də narahat edir. Nazirliyin bitkiçilik idarəsinin rəisi Sabir Vəliyevin sözlərinə görə, dünya bazarındakı qiymətləri nəzərə alanda Azərbaycanda pambığın alış qiymətinin 60 qəpik olması fermerlər üçün sərfəli ola bilərdi. İndi nazirlik yerli şirkətlərin alış qiymətinin artırılmasına nail olmaq üçün Nazirlər Kabinetinə müraciət edib: «İstəyirik ki, hökumətdə pambıqçılıq şirkətləri ilə götrüş keçirilsin və onlara alış qiymətini artırmaq tövsiyə edilsin».
Qeyd edək ki, qaydaya görə pambıq alıcıları olan ASC-lər fevrmerlərə bununla bağlı texniki və maliyyə yardımını əvvəlcədən edirlər – gübrə, toxum, texnika və s. məsələlərdə dəstək verirlər. Zavod rəhbərlərindən birinin sözlərinə görə, pambığın əkin üçün tələb olunan xərclərin 80%-ə qədərini müəssisələr əvvəlcədən ödəyir ki, fermerlər əkinlə bağlı problemlərini həll edə bilsin.
Bununla yanaşı, pambıqçılıq müəssisələrində bildiriblər ki, hökumətin xüsusi dəstəyi olmadan bu sahəni geniş inkişaf etdirmək çətindir. Yerli müəssisələr pambıq sahəsində də taxılda olduğu kimi, subsidiyalar, güzəştli toxum və gübrələrin verilməsini məqsədəuyğun sayırlar.
Xatırladaq ki, təkcə ötən ilin iyunundan pambığın qiyməti 180% artıb. Hazırda dünya bazarında pambıq mahlıcının 1 funtunun qiyməti təqribən 2 dollar və ya 1 kq üçün 4,3 dollar təşkil edir.
DOSTLARINLA PAYLAŞ: