Azərbaycanda pərakəndə ticarətin həcmi 10,4 faiz artıb
11 Noyabr 2011 Cümə 19:16
10 ay ərzində ölkədə iaşə dövriyyəsinin həcmi 13,1 milyard manata çatıb.
Bu ilin yanvar-oktyabr aylarında ölkənin ticarət və xidmət şəbəkələrində istehlakçılara 17,3 milyard manatlıq və ya 2010-cu ilin eyni dövrü ilə müqayisədə 9,6 faiz çox əmtəə satılıb və xidmət göstərilib. Dövlət Statistika Komitəsindən ANS PRESS-ə verilən məlumata görə, istehlak bazarı üzrə real artımın 75,2 faizi pərakəndə ticarət, 5,2 faizi iaşə fəaliyyəti, 19,6 faizi isə pullu xidmətlərin hesabına təmin edilib.

Cari ilin on ayında pərakəndə ticarət və iaşə dövriyyəsinin həcmi 2010-cu ilin eyni dövrü ilə müqayisədə 10,4 faiz artaraq 13,1 milyard manata, pullu xidmətlərin həcmi 7,4 faiz artaraq 4,2 milyard manata bərabər olub.

Hesabat dövründə istehlak bazarı üzrə ümumi artımın 99,1 faizi özəl sektorun fəaliyyəti sayəsində yaranıb. Özəl şəbəkələrdə satılmış istehlak mallarının və göstərilmiş xidmətlərin həcmi əvvəlki ilin eyni dövrünün səviyyəsini 10,3 faiz üstələyərək 16,1 milyard manat təşkil edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar