Azərbaycanda banka girov qoyulan daşınmaz əmlakın sığortalanması qaydası dəyişib
28 Dekabr 2011 Çərşənbə 11:34
Azərbaycanda icbari qaydada sığortalanmış daşınmaz əmlakı girov qoyanda onu yenidən sığortalamaq lazım gəlməyəcək.
Bu barədə «APA-Economics»ə Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi Namiq Xəlilov bildirib.

Onun sözlərinə görə, daşınmaz əmlakın icbari sığortalanması onun girov qoyularkən yenidən sığortalanmasına ehtiyacı aradan qaldırır: «Belə vəziyyətdə, əgər əmlak icbari sığortalanıbsa, onda onu yenidən sığortalamağa ehtiyac yoxdur. Çünki qanuna görə, eyni əmlakı iki dəfə sığortalamaq olmaz».

Xidmət rəisinin sözlərinə görə, qanun eyni əmlakı iki dəfə sığortalamağa icazə vermir: «Yəni, hadisə baş verərsə, əmlakın sahibi iki yerdən pulu ala bilər ki, bu da qanuna görə dələduzluq sayılır».

N.Xəlilov bildirib ki, belə vəziyyətdə əmlakın sahibinin icbari sığorta müqaviləsinə cüzi dəyişiklik etməsi kifayətdir: «Sadəcə sığorta müqaviləsinə düzəliş edərək faydalanan tərəf kimi bankı göstərmək lazımdır. Nəticədə, əmlakını icbari sığorta etdirmiş şəxs həmin əmlakı yenidən sığortalatmır və bununla da sığorta haqqına qənaət etmiş olur. Bu da icbari sığortanın gətirdiyi üstünlüklərdən biridir».

Qeyd edək ki, «İcbari sığortalar haqqında» qanun daşınmaz əmlakı heç də tam qiyməti üzrə sığortalamır. Qanuna görə, Bakı şəhərində yerləşən daşınmaz əmlak üzrə sığorta məbləği 25 min manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərindəki əmlak üzrə 20 min manat, digər yaşayış məntəqələri üzrə isə 15 min manat məbləğində nəzərdə tutulub. Başqa sözlə, yaşayış evləri və mənzillər üçün sığorta ödənişi maksimum bundan artıq ola bilməz. Buna görə də, qiyməti bu məbləğdən yüksək olan yaşayış evləri və ya mənzillərin girov qoyulması zamanı həmin əmlakı ikinci dəfə sığortalamaq lazım gələcək. Amma N.Xəlilovun sözlərinə görə, əmlak ikinci dəfə sığortalananda tam məbləğində deyil, 25 min manatdan artıq olan hissəyə görə sığortalanacaq. Məsələn, 70 min manatlıq evi girov qoyarkən onun sığortalanması tələb olunursa, onun 25 min manatı artıq icbari sığorta tərəfindən sığortalandığına görə, ikinci sığorta məbləği bundan artıq məbləğə - 45 min manata aid olacaq. Bu isə N.Xəlilovun sözlərinə görə, yenə də sığorta haqqının aşağı düşməsinə səbəb olacaq: «Çünki statistika göstərir ki, zərərin böyük hissəsi 25 min manatlıq hissə ilə məhdudlaşdığına görə, zərərin bu məbləği keçməsi ehtimalı azdır. Nəticədə, müştəri sığorta şirkətindən kifayət qədər aşağı tarif ala bilər».


DOSTLARINLA PAYLAŞ:

oyunlar