Azərbaycana xaricdən ərzaq məhsulları gətirilməyəcək
04 Mart 2011 Cümə 22:56
Murtuzəli Hacıyev: "2015-ci ilədək ərzağa olan tələbat tamamilə yerli istehsal hesabına təmin ediləcək".
Son 1 ayda dünya bazarında ərzaq məhsulları 2,2 % bahalaşıb. Fevral ayında dünyada ərzağın qiyməti yanvarla müqayisədə orta hesabla 2,2 faiz artıb. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) araşdırmalarına görə, ötən ay bütün ərzaq məhsullarının qiyməti yüksəlib. Məlum olub ki, qurumun ərzağın qiyməti ilə bağlı monitorinqə başladığı vaxtdan, yəni 1991-ci ildən bəri qida məhsullarının qiyməti daim artıb.
Təşkilatın mütəxəssisləri əsas ərzaq məhsulu olan taxılın bahalaşmasının daha çox narahatlıq doğurduğunu bəyan edir. Onların hesablamalarına görə, 2010-cu ilin fevralı ilə müqayisədə bu ilin eyni dövründə buğdanın ixrac qiymətləri 70 faizə yaxın artıb. Bunu isə onunla əsaslandırırlar ki, 2010-cu ildə dünyada istehsalın azalması və tələbatın artması fonunda bahalaşma sürətlənib və proses indi də davam edir. Təşkilatın ticarət və bazar departamentinin proqnozlarına əsasən, 2011-ci ildə məhsuldarlığın artması nəinki qiymətləri sabitləşdirə, hətta endirə bilər. Belə ki, qurum bu il taxıl istehsalının 3 faiz artacağını gözləyir.
Planetin şimal yarımkürəsində qış mövsümünün yaxşı keçdiyini əsas gətirən FAO mütəxəssisləri MDB məkanında məhsuldarlığın 2009-cu ildəki səviyyəyə çatacağına ümid edir. Bununla belə neftin bahalaşmasının ərzaq bazarına təsirini nəzərə alan ekspertlər dünyada yoxsulların sayında ciddi artım olacağını açıqlayıb. Dünyadakı proseslər Azərbaycandan da yan keçməyib.
Fevralın inflyasiya göstəriciləri hazır olmasa da, Dövlət Statistika Komitəsi yanvarda ərzağın bahalaşdığını açıqlayıb. Hökumət rəsmiləri mövsümü amillərlə əlaqədar fevral və martda da qiymət artımının olacağını gözləyir. Bununla belə Kənd Təsərrüfatı Nazirliyi 2011-ci ildə aqrar sektorda inkişafın olacağını əsas gətirib qıtlıq və ciddi bahalaşma proqnozlaşdırmır.
Bu il həm heyvandarlıq, həm də bitkiçilik məhsullarının artacağını deyən nazirliyin şöbə müdir Murtuzəli Hacıyevin sözlərinə görə, ərzaq təhlükəsizliyi proqramında da göstərildiyi kimi 2015-ci ilə qədər ərzağa olan tələbat tamamilə yerli istehsal hesabına təmin olunacaq.
ANSPRESS
DOSTLARINLA PAYLAŞ: