Azərbaycan xaricdə neft hasilatı ilə məşğul olacaq
11 Noyabr 2011 Cümə 16:49
Rövnəq Abdullayev: "ARDNŞ Norveçin "Statoil" şirkəti ilə yeni iş birliyi qurmaq niyyətindədir".
Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Norveçin "Statoil" şirkəti ilə yeni iş birliyi qurmaq niyyətindədir. Bu barədə ARDNŞ prezidenti Rövnəq Abdullayev məlumat verib.

ARDNŞ-in Norveç şirkəti ilə çoxdan əməkdaşlıq etdiyini bildirən ARDNŞ rəhbəri qeyd edib ki, neft şirkətinin strukturunun yenidən qurulmasında da "Statoil"un təcrübəsindən istifadə olunub.

Noyabrın 10-da "Statoil" şirkətinin rəhbəri ilə Bakıda keçirilən görüş barədə məlumat verən R.Abdullayev bildirib ki, ARDNŞ «Statoil»la dünyanın müxtəlif bölgələrində əməkdaşlıq etmək niyyətindədir: "Statoil"un Şimal dənizində layihələri var, bizim də müəyyən layihələrimiz var. Biz bununla bağlı yeni iş birliyi yaratmaq üçün müzakirələr aparırıq».

R.Abdullayev bildirib ki, hazırda ARDNŞ müxtəlif ölkələrdə - Gürcüstan, Türkiyə, Ukrayna, Rumıniya və s. işləyir: "Bunlar əsasən satışla əlaqədar olan işlərdir. İndi isə biz qərara gəlmişik ki, başqa ölkələrdə, dünyanın digər regionlarında hasilatla da məşğul olaq və indi bununla bağlı işlər aparılır".


DOSTLARINLA PAYLAŞ:

oyunlar