Azərbaycan Sənaye Sığorta ASC Mərkəzi Bankının keçirdiyi tenderin qalibi olub
15 Noyabr 2011 Çərşənbə Axşamı 16:55
Azərbaycan Sənaye Sığorta şirkəti Mərkəzi Bankın balansında olan əsas vəsaitləri, nağd pulu və nəqliyyat vasitələri sığortalayacaq.
Azərbaycan Mərkəzi Bankı öz balansında olan əsas vəsaitlərin, nağd pulun və nəqliyyat vasitələrinin (kasko) sığortalanması ilə əlaqədar keçirdiyi tenderin nəticələrini elan edib. Tenderdə təqdim edilmiş təkliflərin qiymətləndirilməsinin nəticələrinə əsasən tender komissiyasının qərarı ilə əsas vəsaitlərin və nağd pulun sığortası üzrə "Azərbaycan Sənaye Sığorta" Açıq Səhmdar Cəmiyyəti tenderin qalibi elan edilib. Bundan sonra sığorta şirkəti ilə müvafiq sığorta müqavilələri bağlanıb.
"Azərbaycan Sənaye Sığorta" ASC-nin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, tenderdə bir çox yerli sığorta şirkətləri iştirak edib. Xüsusilə qeyd etmək lazımdır ki, “Azərbaycan Sənaye Sığorta” ASC bu tenderdə ilk dəfə təkliflə çıxış edib, nəticədə əmlak sığortası və nağd pulun sığortası üzrə tenderin qalibi olub.
"Azərbaycan Sənaye Sığorta" ASC-nin təqdim etdiyi təkliflər əsasən maliyyə və sığorta şərtləri amilləri üzrə qiymətləndirilib və Mərkəzi Bankın tələblərinə cavab verən ən uyğun təkliflər hesab edilib.
Qeyd edək ki, şirkətin səhmdarları, hər birinin payı 50% olmaqla “Azərbaycan Sənaye Bankı” ASC və “Anadolu İnvestment Company” MMC-dir. Şirkət Cİ Sığorta Şirkəti adı ilə 17 dekabr 1996-cı ildə təsis edilib və 12 mart 2007-ci ildə adını dəyişdirərək “Azərbaycan Sənaye Sığorta” Şirkəti kimi fəaliyyətini davam etdirib. Şirkətin nizamnamə kapitalı 6 milyon manat təşkil edir. Şirkət müştərilərə 28 könüllü və 5 icbari olmaqla cəmi 33 sığorta növü üzrə xidmət göstərir.
DOSTLARINLA PAYLAŞ: