ARDNF qızıla və əmlaka investisiya qoymağa başlayır
30 Dekabr 2011 Cümə 18:46
Azərbaycan Dövlət Neft Fondunun investisiya portfeli üçün baza valyutası yenə də ABŞ dolları olacaq.
Azərbaycan Dövlət Neft Fondunun investisiya portfeli üçün baza valyutası yenə də ABŞ dolları olacaq - fondun vəsaitlərinin 50 faizi dollarda saxlanacaq. “APA-Economics”in xəbərinə görə, bu barədə prezident İlham Əliyevin təsdiqlədiyi «2012-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitinin istifadə edilməsinin əsas istiqamətləri»ndə nəzərdə tutulub.
Sənədə əsasən, gələn il Dövlət Neft Fondunun vəsaitlərinin 40%-i avroda, 5%-i İngiltərə funt-sterlinqində ifadə olunan aktivlərə yerləşdiriləcək. Neft Fondunun investisiya portfelinin məcmu dəyərinin qalan 5%-i isə “Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar”ın 2.2.1-ci yarımbəndində nəzərdə tutulmuş valyutalarda ifadə olunan aktivlərə yerləşdirilə bilər.
Xatırladaq ki, bura “Böyük 7-lik” (ABŞ, Almaniya, Böyük Britaniya, Fransa, İtaliya, Kanada və Yaponiya), avrozonaya daxil olan ölkələr, eləcə də Rusiya və Türkiyə valyutaları aiddir.
Sənədə əsasən, Neft Fondu artıq gələn ildən etibarən qızıl və daşınmaz əmlak aktivlərinə vəsait yatırmağa başlayacaq. İnvestisiya portfelinin məcmu dəyərinin minimum 85%-i borc öhdəlikləri və pul bazarı alətlərinə, 5%-i səhmlərə, 5%-i daşınmaz əmlaka və 5%-i qızıla yatırılmalıdır.
Sənəddə ayrı-ayrı investisiya portfelləri üzrə gəlirlik hədəfləri də müəyyənləşdirilib. Belə ki, Neft Fondunun borc öhdəlikləri və pul bazarları alətləri portfelinin idarə edilməsinin hədəf gəlirliliyi (bençmark) kimi Britaniya Bankirlər Assosiasiyası tərəfindən müvafiq valyuta (avro istisna olmaqla) üzrə dərc edilmiş 3 aylıq LIBOR faiz dərəcəsi götürülür. Neft Fondunun borc öhdəlikləri və pul bazarları alətləri portfelinin avroda ifadə olunan aktivlərinin idarə edilməsində hədəf gəlirliliyi (bençmark) kimi 3 aylıq EURIBOR faiz dərəcəsi götürülür. LIBOR dərəcəsi mövcud olmayan valyutalar üzrə hədəf gəlirliyi kimi maliyyə bazarında banklar arasında 3 aylıq kreditlər üzrə ən geniş yayılmış faiz dərəcələri istifadə edilir. Səhm portfelinin hədəf gəlirliliyi (bençmark) kimi MSCI World Index götürülür.
Bundan başqa, sənədə əsasən, Neft Fondunun borc öhdəlikləri portfelinin faktiki ortaçəkili investisiya müddəti (durasiyası) isə dünya bazarlarındakı cari vəziyyətdən asılı olaraq Fond tərəfindən müəyyən edilir və 48 ayı üstələməməlidir.
Fondun vəsaitlərinin idarə olunması zamanı risklərin azaldılması üçün müəyyən edilib ki, bir maliyyə qurumunun (depozitar banklar istisna olmaqla) və ya bir investisiya aktivinin investisiya portfelindəki maksimum xüsusi çəkisi investisiya portfelinin məcmu dəyərinin 15%-i həddində olmalıdır.
Bundan başqa, Neft Fondunun vəsaitinin likvidlik dərəcəsi Fondun büdcə xərcləri üzrə planlaşdırılan pul və digər köçürmələrinin tam və vaxtında yerinə yetirilməsini təmin etmək üçün yetərli səviyyədə olmalıdır. Bu səviyyəni təmin etmək məqsədilə Neft Fondunun vəsaitinin 100 mln. ABŞ dollarından az olmayan hissəsi yüksək likvidliyə malik qısamüddətli pul bazarı alətlərində saxlanmalıdır. Bu vəsaitin göstərilən məbləğdən az olması halı 7 iş günündən çox davam etməməlidir.
Sənəddə Neft Fondunun vəsaitlərinin idarə olunması ilə bağlı xarici menecerlər üzrə tələblər də müəyyən edilib. Tələblərə əsasən xarici menecerlərə idarəetməyə verilən vəsaitin ümumi həcmi investisiya portfelinin məcmu dəyərinin 60%-dən, bir xarici menecerə idarəetməyə verilən vəsaitin maksimum həcmi investisiya portfelinin məcmu dəyərinin 5%-dən artıq olmamalıdır. Neft Fondunun RAMP proqramı çərçivəsində Dünya Bankının xəzinədarlığına idarəetməyə verilən vəsaitinin həcmi 500 mln. ABŞ dollarından artıq olmamalıdır.
Qeyd edək ki, 2012-ci ildə Neft Fondunun investisiya portfelinin proqnozlaşdırılan məcmu dəyəri (orta çəkili həcmi) 23 mlrd. manat nəzərdə tutulub.
DOSTLARINLA PAYLAŞ: