ARDNF qızıla investisiya qoymağa başlayıb
16 Fevral 2012 Cümə Axşamı 16:39
Dövlət Neft Fondu investisiya portfelinin diversifikasiyası və gəlirliliyinin artırılması məqsədilə qızıla investisiya edir.
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) investisiya portfelinin diversifikasiyası və gəlirliliyinin artırılması məqsədilə qızıla investisiya etməyə başlayıb. Bu barədə ANS PRESS-ə ARDNF-in ictimaiyyətlə əlaqələr şöbəsindan məlumat veriblər.
Məlumata görə, bu məqsədlə 2012-ci il fevralın 1-dən etibarən London Qiymətli Metallar Bazarı İştirakçılarının Assosiasiyasının market-meyker üzvü olan banklardan həmin qurum tərəfindən tətbiq edilən tələblərə uyğun olan qızıl külçələrin alışına başlanılıb.
1987-ci ildən fəaliyyət göstərən London Qiymətli Metallar Bazarı İştirakçılarının Assosiasiyası Londonun qızıl və gümüş külçələr bazarındakı beynəlxalq bankları, istehsalçıları, daşıma və saflaşdırma şirkətlərini əhatə edir.
Qeyd edək ki, Azərbaycan prezidentinin 2011-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş Neft Fondunun İnvestisiya Siyasətinə əsasən, 2012-ci il ərzində Fondun investisiya portfelinin məcmu dəyərinin 5%-ə qədəri qızıla investisiya edilə bilər.
DOSTLARINLA PAYLAŞ: