100 min sahibkarın bank hesabına sərəncam qoyulub
17 Sentyabr 2009 Cümə Axşamı 21:20
Fəaliyyət göstərən 211 min vergi ödəyicisinin 8 faizi vergi öhdəliklərini vaxtında yerinə yetirmir
Azərbaycanda fəaliyyət göstərən 211 min vergi ödəyicisinin təxminən 8 faizi vergi öhdəliklərini vaxtında yerinə yetirmir. Bu səbəbdən də ilin əvvəlindən 100 minə yaxın sahibkarın bank hesablarına sərəncam qoyulub. Vergilər Nazirliyində deyirlər ki, borclulara heç bir güzəşt olunmur və ən sonda onların əmlakı satışa çıxarılır. Nazirliyin vergi borclarının məcburi alınması işinin təşkili idarəsinin rəisi Bəxtiyar Qəhrəmanov ANS-ə bildirib ki, borcun alınması üçün ilkin olaraq borcun ödənilməsinə dair bildiriş göndərilir. Bundan sonra borc ödənilməzsə, ödəyicilərin bank hesablarına sərəncam qoyulur. Yeri gəlmişkən, bu ilin 7 ayında vergi orqanları 97 mindən artıq fiziki və hüquqi şəxsin hesabına elektron sərəncam qoyub. İdarə rəisi artıq sərəncamların elektron mübadilə əsasında qoyulub götürüldüyünü və bunun həm vergi orqanları, həm də ödəyicilər üçün sərfəli olduğunu deyib.

"Əvvələr poçt vasitəsiylə bu, 3-5 gündə həyata keçirilirdisə, indi bu, 1-2 dəqiqə vaxt aparır", - deyə o vurğulayıb.

Borcluların bank hesablarına sərəncamların qoyulması ilə yanaşı onların əmlakının siyahıya alınmasına da başlanılır. Bundan sonra fiziki və hüquqi şəxs vergi orqanının icazəsi olmadan siyahıya alınan əmlakı sata bilməz. Əmlak siyahıya alındıqdan sonra 1 ay müddətinə borc ödənilməsə, məhkəmələrə müraciət olunur. Bəxtiyar Qəhrəmanovun sözlərinə görə, məhkəmə qərarına əsasən məhkəmə icraçıları əmlakın hərraca çıxarıb satışını təşkil edir. Qeyd edək ki, cari ilin əvvəlindən 148 vergi ödəyicisinin 674 min manatlıq əmlakı hərraca çıxarılıb. Bütün bunlarla yanaşı borc məbləğinin hər gün 0,1 faizi qədər penya hesablanır və bu, il ərzində 36,5 faiz edir.

B.Qəhrəmanov onu da bildirib ki, Cinayət və İnzibati Xətalar məcəllələrinə edilən əlavə və dəyişikliklərə uyğun olaraq ötən ildən 2000 manatdan yuxarı borcu olanların əməlində cinayət tərkibi müəyyən olunarsa, onlara qarşı cinayət işinin açılması üçün məsələ qaldırılır. Borclar isə iki halda silinə bilər. Birinci halda məhkəmə qərarı olmalıdır. İkinci halda isə 2001-ci ildə imzalanmış fərmana və həmin fərmana sonrakı illərdə edilmiş dəyişikliklərə uyğun olaraq özəlləşən dövlət müəssisələrinin, aqrar islahatlar nəticəsində ləğv olunmuş və işğal altında olan müəssisələrin dövlət büdcəsinə borcları silinə bilər. Ötən 7 ayda ölkə üzrə cəmi 7 dövlət müəssisəsinin 442 min manat borcu silinib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar