Litvanın paytaxtı Vilnüsdə keçirilən sərbəst güləş üzrə Avropa çempionatında qadın güləşçilərin mübarizəsinə start verilib. Bu gün mübarizəyə qoşulan iki güləşçimizdən, Zümrüd Qurbanhacıyeva finala vəsiqə qazanıb. 67 kq çəkidə mübarizə aparan güləşçimiz 1/8 finalda almaniyalı Mariya Selmaieri, ¼ finalda ispaniyalı Aurora Fajardonu, yarımfinalda isə Bolqarıstan güləşçisi Ralitsa İvanovanı məğlub edərək finala yüksəlib. Güləşçimizin finaldakı rəqibi Ukrayna güləşçisi Katerina Burmistrova olacaq.
Digər güləşçimiz 59 kq çəkidə yarışan Sona Əhmədli isə uğursuz çıxış edib. Təmsilçimiz ilk görüşdə latviyalı Anastasiya Qriqoryevaya məğlub olaraq mübarizəni dayandırıb.
Qeyd edək ki, daha 3 qadın güləşçimiz aprelin 3-də mübarizəyə qoşulacaq. Bu güləşçilər 48 kq-da Mariya Stadnik, 63 kq çəkidə Olesya Zamula və 72 kq çəkidə yarışan Dina İvanovadır. /ANS PRESS/