Bu gün Bakıda zorxana və pəhləvan güləş idman növü üzrə I Dünya kuboku yarışına start veriləcək. Yarışda Azərbaycan, İraq, Almaniya, Əfqanıstan, Litva, Uqanda, Nigeriya, Tanzaniya, Tacikistan, CAR, Suriya, Nepal idmançıları mübarizə aparacaq. Yarışda Azərbaycanı komanda hesabında Avropa və Dünya çempionatının gümüş və bürünc medalını qazanmış 2 kollektiv təmsil edəcək.Komanda rəhbərliyi pəhlavan güləşində Dünya və Avropa çempionları Vüqar Qurbanov və Araz Cəfərovdan uğurlu çıxış gözləyir. Hər iki güləşçimiz ağır çəkidə yarışacaq.
Zorxana idman növü üzrə keçirilən yarışda idmançılar həmçinin daha 6 növdə də bacarığlarını göstərəcəklər. Zorxananın Çərxi sürət, Kəbbadə, Səng, Mil, Çərxi çəmən növlərində Azərbaycanı Afis Namazov, Amid Əliyev və Məhəmməd Zəmini kimi təcrübəli pəhləvanlar təmsil edəcək. I Dünya Kuboku yarışlarının Novruz Bayramı ərəfəsində keçirilməsi də təsadüfü deyil. Zorxana və pəhlavan güləş idman növünə artıq dünyanın 55 ölkəsində maraq göstərirlər. Bu idman növü İslam Ölkələrinin Olimpiya Oyunlarının proqramına daxil edilib. Bakı İdman Sarayında keçiriləcək yarışa martın 16-da yekun vurulacaq.
Qeyd edək ki, Azərbaycan I Dünya kuboku yarışına ev sahibliyi etmək hüququnu Beynəlxalq Zorxana Federasiyasının Koreyanın Busan şəhərində keçirilən Konqresində əldə edib. /ANS PRESS/