Zəriflərimiz iki qızıl medal qazanıb
15 Aprel 2010 Cümə Axşamı 22:10
Güləş üzrə Avropa çempionatında qadın güləşçilər mübarizə aparır.
Bakıda keçirilən güləş üzrə Avropa çempionatında bu gün ölkəmizin idman şərəfini ağırlığı 51, 59 və 67 kiloqarmadək olan qadın güləşçilər qoruyub.
51 kiloqramçəki dərəcəsində mübarizə aparan Anjela Doroqan fərqlənə bilməsə də, Sona Əhmədli və Nadya Sementsova komandamızın hesabına iki qızıl medal yazmağı bacarıb.
59 kq çəki dərəcəsində ölkəmizin idman şərəfini qoruyan Sona Əhmədli finala qədər bütün rəqiblərini məğlub edib. İlk döyüşündə bir dəqiqə ərzində norveçli Qudrun Hoyenin kürəyini döşəyə sıxan zərifimiz finala çıxışda Fransa güləşçisi Fatah Sellumla qurşaq tutub. Sonanın fəndləri qarşısında aciz qalan Sellum bir təhər canını güləşçimizin əlindən qurtara bilib.
Final görüşündə Sona Əhmədli bolqarıstanlı rəqibi Taybe Mustafa Yusentə seçim yeri qoymayıb. Hər iki hissəni quru hesabla, 3-0 və 4-0 qazanan güləşçimiz qadın güləşçilərin Avropa çempionatında komandamıza ilk qızıl medalı qazandırıb.
Komanda rəhbərliyi 67 kq çəki dərəcəsində xalça üzərində ölkəmizin idman şərəfini qoruyan Nadya Sementsovadan da inamlı çıxış gözləyirdi. İlk görüşündə britaniyalı Eşli Makmamusu məyus edən güləşçimiz 1/4 finalda İsveçdən olan həmkarı Sandra Makelanı da döşəyə çıxmağa peşman edib.
Nadya finalda ötən ilki Avropa çempionu Ukrayna güləşçisi Katerina Burmistrovanı qızıl medala həsrət qoyub. Güləşçimiz inamlı çıxış müqabilində hər iki hissəni öz aktivinə yazaraq Azərbaycana zəriflərin turnirində ikinci qızıl medalı qazandırıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: