Mayın 20-də İstanbulun "Şükrü Saracoğlu" stadionunda keçiriləcək final qarşılaşmasından sonra yeni sahibinə təqdim olunacaq UEFA Kuboku, aprelin 23-də İstanbula gətiriləcək.Türkiyə Futbol Federasiyasından (TFF) verilən açıqlamaya görə, İstanbulda keçiriləcək mərasimdə ötən mövsüm UEFA Kubokunu qazanan Rusiyanın "Zenit" klubunun nümayəndələri kuboku UEFA prezidenti Mişel Platiniyə təhvil verəcək. Mişel Platininin isə kuboku final matçına qədər şəhərdə nümayiş etdirmək üçün İstanbul Böyükşəhər Bələdiyyə başçısı Kadir Topbaşa verəcəyi bildirilir.
TFF-dan verilən açıqlamada, mərasimdən öncə UEFA Kubokunun xüsusi maşının üzərində şəhərdə nümayiş etiriləcəyi, 2 saat davam edəcək şəhər turuna "Zenit" klubunun futbolçularının və rəhbərlərinin də qatılacağı bildirilir. UEFA Kubokunun, final matçına qədər olan müddətdə İstanbulda müəyyənləşdirilmiş ərazilərdə xalqa nümayiş etiriləcəyi qeyd olunub. /ANS PRESS/