Yuventus klubunun oyunçusu Felipe Melon Qalatasaray klubuna transfer olub
23 İyul 2011 Şənbə 10:20
Türkiyənin “Qalatasaray” klubu İtaliyanın “Yuventus” komandasının braziliyalı orta xətt oyunçusu Felipe Melonu transfer edib.
APA-nın “Qalatasaray”ın rəsmi saytına istinadən verdiyi xəbərə görə, F. Melo “Yuventus”dan 1 illik icarəyə götürülüb. İtalyan klubuna 1,5 milyon avro icarə haqqı, oyunçuya isə 3,3 milyon avro maaş və oynayacağı hər oyuna görə əlavə 30 min avro pul ödənəcək. “Qalatasaray” icarə müqaviləsi başa çatdıqdan sonra oyunçuya sahib olmaq istəsə “Yuventus”a 13 milyon avro ödəməlidir.
F. Melo iyulun 22-də axşam “Qalatasaray”ın Almaniyada keçirilən təlim-məşq toplanışına qatılıb. O, baş məşqçi Fateh Terim, “Qalatasaray”ın qapıçı məşqçisi, həmyerlisi Klaudio Taffarel və komanda yoldaşları ilə görüşərək məşqlərə başlayıb.
Tam adı Felipe Melo de Karvalyo olan futbolçu 1983-cü il təvəllüdlüdür. O, karyerasına ölkəsinin “Flamenqo” komandasında başlayıb, sonra “Kruzeyro”ya, orada da “Qremio”ya keçib. Avropa karyerasına İspaniyanın “Real” (Malyorka) komandasında başlayıb, daha sonra eyni ölkənin “Rasinq” (Santander) və “Almeria” komandalarında forma geyib. 2008-ci ildə 13 milyon avroya İtaliyanın “Fiorentina” komandasına keçən F. Melo 1 il sonra rekord məbləğ – 25 milyon avroya “Yuventus”a transfer olub.
F. Melo 22 dəfə Braziliya milli komandasında oynayıb və 2 qol vurub. APA
DOSTLARINLA PAYLAŞ: