Yoahim Löv: "İndi növbə Azərbaycanındır”
04 Sentyabr 2010 Şənbə 12:50
Alman məşqçi Yoahim Löv komandasının qələbəsindən danışıb.
Dünən start götürən Avro-2012-nin seçmə mərhələsi çərçivəsində Belçika yığması üzərində qələbə qazanan Almaniya komandasının baş məşqçisi Yoahim Löv oyundan sonra keçirilən mətbuat konfransında Azərbaycanla baş tutacaq matç barədə danışıb.
Yoahim Löv seçmə mərhələyə uğurla başladıqları üçün sevincli olduğunu bildirib.
“Avro-2012-nin seçmə mərhələsinin ilk iki oyununda 6 xal toplamağı planlaşdırırdıq. Belçikanı məğlub etdik. İndi sentyabrın 7-də Köln şəhərində baş tutacaq oyunda Berti Foqtsun çalışdırdığı Azərbaycan seçmə komandasını məğlub etmək növbəsidir. Komandam Dünya Çempionatı-2010-dan sonra bir qədər yorğun görünür. Ancaq onlar həmişəki kimi yenə də qələbəyə oynayırlar”, - deyə Yoahim Löv bildirib.
Qeyd edək ki, futbol üzrə yığma komandamız Avro-2012-nin seçmə mərhələ oyunlarına Almaniyada hazırlaşır.
Yığmanın seçmə mərhələdə qarşılaşacağı ilk rəqib də elə bu ölkənin futbol millisi, son mundialın bürünc mükafatçısı Almaniya yığması olacaq.
Xatırladaq ki, Azərbaycan yığması Avro-2012-nin "A" qrupunda Almaniya ilə yanaşı Türkiyə, Qazaxsıtan, Belçika və Avstriya kollektivləri ilə mübarizə aparacaq. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: