Yığmamızın rəqibi Bakıda məşqlərə başlayıb
25 May 2010 Çərşənbə Axşamı 23:45
Gənclərdən ibarət millimiz Bosniya yığmasına məğlub olub.
Voleybolçu qadınlardan ibarət Azərbaycan yığma komandası Avropa çempionatının seçmə mərhələsində növbəti matçlarını Bakıda keçirəcək. Yığmamızın rəqiblərindən Bosniya millisi artıq Bakıdadır.

Avropa çempionatının seçmə mərhələsində qadınlar dan ibarət yığmamızın rəqiblərindən olan Bosniya millisi oyunlara hazırlıqlarını Bakıda davam etdirir. Bosniyalılar hazırlıq çərçivəsində gənclərdən ibarət millimizlə yoldaşlıq oyunu da keçiriblər. Görüş Azərbaycan Voleybol Federasiyasının zalında baş tutub. Qarşılaşmanın ilk seti qızlarımızın üstünlüyü ilə keçib. (25-21). İkinci partiyada bosniyalılar təşəbbüsü ələ alaraq, ümumi hesaba tarazlıq gətiriblər (25-20). 3-cü tor da qonaqların aktivinə yazılıb (25-22). Amma, qızlarımız sonrakı hissədə 25-19 hesablı qələbə qazanaraq, matçın müqəddəratını tay-brekə daşıyıblar. Həlledici setdə isə təcrübə öz sözünü deyib. Bosniyanın əsas yığması gənclərdən ibarət millimizə 15-10 hesabı ilə məğlub edərək, matçdan 3-2 hesablı qələbə ilə ayrılıblar.

Xatırladaq ki, seçmə mərhələnin ilk oyunları Belarusda təşkil olunmuşdu. Bosniya, Gürcüstan və Belarus yığmaları ilə qarşılaşan voleybolçu xanımlarımız hər 3 görüşdə qalib gəlmişdilər. Seçmə mərhələnin ikinci turunun oyunları mayın 28-i 30-u aralığında Bakıda keçiriləcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar