Yığmamızın 2 üzvü zədələndi
25 Noyabr 2010 Cümə Axşamı 22:50
Rəşad Əhmədovla Təvəkkül Bayramov Parisə aparılmayıb
Taekvondo üzrə kişi və qadınlardan ibarət Azərbaycan milli komandası Fransanın paytaxtı Parisə yollanıb. Yığmamızın baş məşqçisi Ələkbər İmaməliyevin verdiyi məlumata görə, komandamız noyabrın 26-da start götürəcək Fransanın açıq çempionatında çıxış edəcək.

Olimpiya çəki dərəcələri üzrə keçiriləcək turnirdə ölkəmizi 4 kişi, 5 qadın taekvondoçu təmsil edəcək. Kişilərin mübarizəsində Samir Aydınov (58 kq), Fariz Əliyev, Elvin Məmmədov (hər ikisi 68 kq), Ramin Əzizov (80 kq), qızların yarışında isə Xəyalə Quliyeva, Türkanə Tahirli (hər ikisi 49 kq), Səbinə Mikayılova (57 kq), Günay Ağakişiyeva (67 kq) və Yelena Abbasova (+67 kq) qüvvəsini sınayacaq.

İmaməliyev bildirib ki, öncədən yarışda aparıcı taekvondoçularımız Rəşad Əhmədovla Təvəkkül Bayramovun da iştirakı nəzərdə tutulub. Lakin son təlim-məşq toplantısında Əhmədov əlindən, Bayramov isə ayağından xəsarət aldığı üçün turnirdən kənarda qalıblar.

Qeyd edək ki, Fransanın açıq çempionatı 2 gün davam edəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar