Yığmamız Türkiyə ilə bir qrupa düşdü
04 Dekabr 2010 Şənbə 11:55
Qadın voleybol yığmamızın Avropa çempionatındakı rəqibləri məlum olub
Qadın voleybolçulardan ibarət Azərbaycan yığma komandasının Avropa çempionatının final mərhələsindəki rəqibləri məlum olub. İtaliyanın Monza şəhərində keçirilmiş püşkatma mərasiminin nəticələrinə görə komandamız B qrupunda İtaliya, Türkiyə və Xorvatiya yığma komandaları ilə mübarizə aparmaq hüququ qazanıb.

Avropa Voleybol Konfederasiyasının rəsmi saytında yer alan məlumata görə, millimiz qrup mərhələsinin oyunlarını İtaliyanın Monza şəhərində keçirəcək. Qeyd edək ki, Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmış 16 komanda 4 qrupda yarışacaq. Çempionatın reqlamentinə əsasən hər qrupdan 3 ən güclü komanda növbəti mərhələyə vəsiqə qazanacaq.

Sonradan ən güclü 12 komanda hər birində 6 komanda olmaqla 2 qrupda mübarizəni davam etdirəcək. Burada yalnız birinci mərhələdə bir-biri ilə görüşməmiş komandalar yarışacaqlar. Daha sonra yarımfinal və həlledici final mərhələsinin oyunları keçiriləcək. Avropa çempionatının final mərhələsinin oyunları gələn il sentyabrın 23-dən oktyabrın 2-dək İtaliya və Serbiyada təşkil olunacaq. Avropa çempionatında mübarizə aparacaq komandaların qruplar üzrə düzülüşünü nəzərinizə çatdırırıq:

A qrupu: Serbiya, Almaniya, Ukrayna, Fransa,
B qrupu: İtaliya, Azərbaycan, Türkiyə, Xorvatiya,
C qrupu: Polşa, Rumıniya, Çexiya, İsrail,
D qrupu: Rusiya, Niderland, İspaniya, Bolqarıstan.


DOSTLARINLA PAYLAŞ:

oyunlar