Yığmamız Qətərə uduzdu
14 Dekabr 2010 Çərşənbə Axşamı 11:15
21 yaşlı futbolçularımız səfərdə rəqibə məğlub olublar
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Qətərin U-23 komandası ilə yoldaşlıq oyunu keçirib. Qarşılaşma 2:1 hesabı ilə meydan sahibi yığmanın xeyrinə başa çatıb. ANS PRESS-in AFFA-ya istinadən verdiyi məlumata görə, oyunda hesabı Ruslan Qurbanov açsa da, qətərli futbolçular bərabərlik qolunu vurub. Qarşılaşmanın son dəqiqələrində isə rəqib yığmamızın qapısına təyin olunmuş penalti zərbəsini dəqiq yerinə yetirərək qələbə qazanıb.
Matçdan sonra keçirilmiş mətbuat konfransında komandamızın baş məşqçisi Bernard Lippert yetirmələrindən oyunundan razı qalmadığını bildirib: “İlk iyirmi dəqiqə istisna olmaqla oyundan razı qalmadım. Futbolçularımız fiziki cəhətdən hazır deyildi. Bu da ikinci hissədə tez-tez konsentrasiyanın itməsinə və yersiz top itkilərinə səbəb olurdu. Bir neçə futbolçumuz bizimlə olmadığından, komandadaxili rəqabət də istənilən səviyyədə deyildi. Qapımıza təyin olunan penalti haqsız olsa belə, Qətər yığmasının layiqli qələbə qazandığını düşünürəm. Qarşılaşdığımız komandanın Qətərin U-23 yığması olduğunu da qeyd etmək lazımdır”.
Qətər yığmasının baş məşqçisi Ko Adrianse isə komandasının oyununu belə xarakterizə edib: “Azərbaycan yığması oyuna çox yaxşı başladı. Rəqibimiz beş yarımmüdafiəçi ilə oynadığı üçün qapımız qarşısında tez-tez təhlükə yarada bilirdi. Buna cinah müdafiəçilərimizin zəif oyunu da şərait yaradırdı. İkinci hissədə müdafiəçilərimiz daha fəal oynamağa başladı və bu dəfə biz yarımmüdafiədə üstünlük əldə edərək rəqibin əks-hücum qurmasına imkan vermədik”.
DOSTLARINLA PAYLAŞ: