Yığmamız Makedoniya millisini darmadağın etdi
17 Dekabr 2011 Şənbə 18:59
Futzalçılarımız balkanlıların qapısından 7 qol keçiriblər.
Futzal üzrə Dünya Çempionatının əsas seçmə mərhələsinin Bakıda təşkil olunan 5-ci qrupunda növbəti turun oyunları keçirilib. Futzal üzrə Azərbaycan yığma komandası ikinci turda Makedoniya millisi ilə qarşılaşıb.
İlk turda uduzanların qarşılaşmasında yığma komandamız Xorvatiya millisinə 1-3 hesablı məğlubiyyətin acığını Makedoniya komandasından çıxıb. Yığmamızın mümkün qədər çox qol vurmalı olduğu qarşılaşmada, komandamız ilk dəqiqələrdən bütün komanda ilə hücuma atılıb. İlk qol özünü çox gözlətməyib. Komandamızın milliləşdirilmiş braziliyalı oyunçusu Felipe oyunda vurulan ilk qola müəlliflik edib.
Qolların ard-arda gəldiyi qarşılaşmada komandamızın digər legioneri Jadder hesab arasındakı fərqi ikiyə yüksəldib. Yığmamızın heyətində balkanlıların qorxulu kabusuna çevrilən Felipe 16-cı dəqiqədə iki qol vurmaqla hesab arasındakı fərqi biabırçı həddə çatdırıb: 4-0. İlk hissə elə bu hesabla başa çatıb.
İkinci hissədə də oyunun ssenarisi dəyişmiyib. Bu dəfə Rəcəb Fərəczadə adını tabloya yazdırıb: 5-0. Daha sonra isə Rüfət Balakişiyev Tyaqonun ötürməsini qola çevirib. Üstündən heç bir dəqiqə keçməmiş isə Jadder komandasının 7-ci, özünün isə 2-ci qoluna imza atıb. Lakin bu da oyunda vurulan son qol olmayıb. Qonaqların heyətində Draqan Petroviç təssəlli qoluna imza atıb: 7-1
Günün ilk matçı isə liderlərin iştirakı ilə keçirilib. Ukrayna və Xorvatiyanın duelində qalib gələn birincilər demək olar ki, “pley-off”un 1 addımlığındadır. Millimiz isə son turda mütləq lideri məğlub etməlidir. Düzdür, heç-heçə, hətta məğlubiyyət də yığmamıza kifayət edə bilər. Lakin bunun üçün zəif Makedoniya son turda Xorvatiyanı udmalıdır. Taleyimizin başqalarından asılı olmamağı üçün komandamız 2 top fərqinə sevinməyə borcludur.
DOSTLARINLA PAYLAŞ: