Yığmamız Ermənistanla bir qrupa düşüb
19 Fevral 2011 Şənbə 10:03
Bu gün Minsk şəhərində Yunan-Roma güləşi üzrə Dünya Kuboku start götürür
Bu gün Belarusun paytaxtı Minsk şəhərində yunan-Roma güləşi üzrə Dünya Kuboku yarışlarına start verilir. ANS PRESS-in Rusiya İdman Güləşi Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, turnirdə mübarizə aparacaq komandalar püşkatma nəticəsində iki qrupa bölünüblər.

Dünya Kubokunda mübarizə aparacaq Azərbaycan yığması A qrupunda mübarizə aparacaq. Püşk Ermənistan, Rusiya, Bolqarıstan və Qazaxıstan komandalarını idmançılarımıza rəqib edib. B qrupunda isə Belarus, Türkiyə, Kuba, İran və Cənubi Koreya yığmaları yer alıblar. Komandamız ilk görüşünü Rusiya yığmasına qarşı keçirəcək. İkinci qarşılaşmada isə rəqibimiz Ermənistan komandası olacaq.

Xatırladaq ki, klassik güləşçilərimiz Dünya Kuboku yarışlarında baş məşqçi Fərid Mansurovun rəhbərliyi altında mübarizə aparacaqlar. Mötəbər yarışda yığmamızı Eldəniz Əzizli, Rövşən Bayramov (hər ikisi 55 kq), Həsən Əliyev, Orxan Paşayev (hər ikisi 60 kq), Vitali Rəhimov, Rüstəm Əliyev (hər ikisi 66 kq), Rafiq Hüseynov (74 kq), Saman Təhmasibi (84 kq), Şalva Qadabadze (96 kq), Zaur Mehrəliyev, Anton Botev (hər ikisi 120 kq) təmsil edəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar