Yığmamız Bosniya komandasını məğlub edib
29 May 2010 Şənbə 21:30
Voleybolçu qızlarımız AÇ seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib.
Voleybolçu qadınlardan ibarət Azərbaycan yığma komandası 2011-ci ildə keçiriləcək Avropa çempionatının final mərhələsində çıxış edəcək. Faiq Qarayevin başçılıq etdiyi yığmamızın seçmə mərhələdə sıraladığı qələbələr əminliklə belə deməyə əsas verir.

Voleybolçu qadınlardan ibarət Azərbaycan yığma komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib. Qızlarımız bu dəfə bosniyalı həmkarları ilə üz-üzə gəliblər. Seçmə oyunların Belarus mərhələsində bosniyalılara heç bir şans verməyən voleybolçularımız bu dəfə də rəqibə aman verməyiblər.

İlk setdə 25-12 hesablı qələbə qazanmış Azərbaycan yığma komandası, sonrakı partiyalarda da inamlı təsir bağışlayıb. Faiq Qarayevin yetirmələri ikinci torda 25-13 hesablı qələbəyə seviniblər. 3-cü partiyanı da aktivinə yazmış millimiz 3-0 hesabı ilə qələbə qazanıb.

Qrupun son oyununda Belarusla qarşılaşmada qızlarımıza 1 setdə qələbə qazanmaq kifayət edir. Çünki, voleybol üzrə Azərbaycan yığması Belarusda keçirilmiş hər üç seçmə oyunda 3-0 hesablı qələbə qazanıb.

Bugün keçirilmiş digər oyuna gəlincə, Bakı idman sarayında baş tutmuş Belarus Gürcüstan görüşü gözlənildiyi kimi gürcülərin məğlubiyyəti ilə yekunlaşıb. Belarus seçməsi gürcüstanlı həmkarlarına 3-0 hesabı ilə qalib gələrək, 2-ci pillədəki mövqeyini qoruyub. Qeyd edək ki, seçmə mərhələyə sabah yekun vurulacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar