Yığmamız Beynəlxalq Çempionlar turnirində iştirak edib
16 May 2011 Bazar Ertəsi 16:48
Güləşçilərimiz 1 gümüş və bürünc qazanıblar
Türkiyənin paytaxtı Ankara şəhərində gənclər arasında sərbəst, yunan-Roma və qadın güləşi üzrə 14-cü Beynəlxalq Çempionlar turniri keçirilib. Azərbaycan Güləş Federasiyasından ANS PRESS-ə verilən məlumata görə, 13-15 may 2011-ci il tarixdə keçirilən turnirdən 15 ölkənin pəhləvanları mübarizə aparıb. Ölkəmizin sərbəst, qadın və yunan-Roma güləşi üzrə gənclərdən ibarət yığma komandaları da turnirdə qüvvələrini sınayıb. Ümumilikdə komandalarımız Ankarada keçirilən beynəlxalq turniri 1 gümüş və 3 bürünc medalla başa vurub.
Sərbəst güləşdə ölkəmizi məşqçi Namiq Quliyevin rəhbərliyi altında İxtiyar Quliyev, Kənan Məmmədov (hər ikisi 50 kq), Fuad Nəsirli (55 kq), Nurlan Hacıyev, Muxtar Sadullayev (hər ikisi 66 kq), Kamran Yunusov (74 kq) və Aslan Dzebisov (120 kq) təmsil edib.
Yunan-Roma güləşi üzrə böyük məşqçi Ağalar Aslanov və məşqçi Orxan Əliyevin rəhbərliyi altında Vüsal Atayev, Rəşad Şükürov (hər ikisi 55 kq), Orxan Paşayev (60 kq), Ceyhun Əliyev (66 kq), Fuad Əliyev (74 kq), Zaur Mehrəliyev (120 kq) mübarizə aparıb. 120 kq çəkidə mübarizə aparan Zaur Mehrəliyev turnirin bürünc mükafatına layiq görülüb.
Gənc qızların yarışında ölkəmizi 6 idmançı təmsil edib. Məşqçi Həsrət Məmmədyarovun rəhbərlyi altında Marziget Baqomedova, Aydan Səfərli (hər ikisi 44 kq), Patimat Baqomedova, Kəmalə Əliyeva (hər ikisi 51 kq), Fərəh Rəsulova (55 kq) və Aytən Əliyeva (72 kq) öz qüvvəsini sınayıb. Yekunda isə, Kəmalə Əliyeva (51 kq) gümüş, Marziget Baqomedova (44 kq) və Aytən Əliyeva (72 kq) bürünc medala sahib olub.
DOSTLARINLA PAYLAŞ: