Yığmamız 5 ölkəni geridə qoydu
31 Yanvar 2011 Bazar Ertəsi 10:30
Cüdoçularımız Dünya Kubokunda 2 medal qazanaraq komanda hesabında 5-ci olub.
Gürcüstanın paytaxtı Tiflis şəhərində keçirilən cüdo üzrə Dünya Kubokuna yekun vurulub. ANS PRESS-in “Judoonline.info” saytına istinadən verdiyi məlumata görə, yarışın son günündə tatami üzərinə 10 Azərbaycan cüdoçusu çıxıb. 81 kq çəki dərəcəsində mübarizə aparan 4 cüdoçumuzdan yalnız Elxan Rəcəbli, -90kq-da isə 3 cüdoçumuzdan yalnız Ramin Qurbanov medal qazanmaq şansını əldə ediblər. Dünya kubokunun ikinci günündə medal qazanmaq isə onlardan yalnız Elxan Rəcəbliyə nəsib olub.
E.Rəcəbli yarışmaya çox uğurla başlayıb. İlk 3 qarşılaşmasında Ghiviniaşvili Paata (Gürcüstan), Savinov Viktor (Ukrayna) və Ovcinnikovs Konstantins (Latviya) üzərində “İppon” fəndi ilə təmiz qələbə xalıyla vaxtından əvvəl inamla qalib gələrək yarımfinala yüksəlib. Bu mərhələdə onun rəqibi Tçrikişvili Avtandil olub. (Qeyd edək ki, A.Tçrikişvili ilk mərhələdə digər cüdoçumuz Rüstəm Alimliyə "Yuko" xalı ilə qalib gəlmişdi.) Gərgin keçmiş görüşdə gürcü idmançının işlətdiyi fənd hakimlər tərəfindən “İppon”la qiymətləndirilib və idmançımız bu qarşılaşmadan məğlub ayrılaraq finala vəsiqəni təmin edə bilməyib. Əvəzində son həlledici görüşdə bürünc medal qazanmaq şansını qazanıb. Bu imkandan maksimum yararlanmış E.Rəcəbli Qazaxıstan təmsilçisi İslam Bozbayevə qarşı baş tutmuş son həlledici görüşdə 1 “Yuko” və 1 “Vazari” xalı qazanaraq qalib gəlib, Dünya Kubokunun bürünc medalını qazanıb.
Medal qazanmağa çox yaxın olmuş digər təmsilçimiz Ramin Qurbanov (-90kq) isə bu imkandan sonadək yararlana bilməyib. İlk qarşılaşmasında İemelianov Oleksii (Ukrayna) üzərində cəmi 33 saniyə ərzində “İppon” təmiz qələbə xalı ilə qalib gəldikdən sonra növbəti yarımfinala çıxış görüşündə Sıtımov Azamata (Rusiya) cəmi bir “Yuko” xalı ilə məğlub olub. Bununla belə, bürünc medal qazanmaq uğrunda təsəlliverici görüşlərdə iştirak etmək hüququ qazanan R.Qurbanov bu mərhələdə ilk olaraq gürcü Quruli Laşaya “Vazari” yarım qələbə xalı geri olsa da, tez bir zamanda tam gücünü səfərbər edərək “İppon” təmiz qələbə xalı ilə qalib gəlib. Lakin bilavasitə bürünc medal uğrunda son həlledici görüşdə digər Rusiya təmsilçisi Abdul Omarova təmiz qələbə ilə məğlub olaraq turniri 5-ci yerdə başa vurub.
Həmçinin -100 kq-da mübarizə aparmış cüdoçumuz Sain Məmmədovun 7-ci yerini de qeyd etmək olar. İlk 2 qarşılaşmasında ardıcıl olaraq Marazykov Akramjan (Qazaxıstan) və Koster Jason (Yeni Zellandiya) üzərində vaxtından əvvəl "İppon" təmiz qələbə xalı ilə inamla qalib gələn Sain Məmmədov, yarımfinalda və ilk təsəlliverici görüşdə eyni aqibətlə müvafiq olaraq Hadfi Daniel (Macarıstan) və Bloşenko Artyoma (Ukrayna) məğlub olub və turniri 7-ci yerdə başa vurub.
Təəssüf ki, Dünya Kubokunun son günündə də yığmamızın digər lider üzvləri ilk qarşılaşmadaca məğlubiyyət acısı dadıblar.
Beləliklə, 29-30 yanvar 2011-ci il tarixdə Gürcüstanın Tiflis şəhərində keçirilmiş ilin ilk Dünya Kubokunda Azərbaycan milli komandası İlqar Müşkiyevin (-60kq) qızıl, Elxan Rəcəblinin (-81kq) isə bürünc medalı, eləcə də Ramin Qurbanovun (-90kq) 5-ci və Sain Məmmədovun isə (-100kq) 7-ci yeri sayəsində 22 komanda arasında Rusiya (2-1-5), Gürcüstan (2-1-1), Ukrayna (1-2-2) və Qazaxstan (1-1-1) millilərindən sonra 5-ci yeri tutub. Bu nəticə ilə komandamız cəmi bir gümüş medal qazanmış Belorus və Macarıstan, eləcə də cəmi 1 bürünc medal qazana bilmiş Ermənistan, Latviya, Türkiyə və İsrail komandalarını ümumkomanda hesabında qabaqlaya bilib.
Tiflis-2011 Dünya Kubokunda Azərbaycan cüdoçularına ümumilikdə cəmi 37 dəfə tatami üzərinə çıxmaq nəsib olub ki, 22 cüdoçumuz birgə səyləri sayəsində 14 qələbə qazana biliblər. Çıxışların 23-ü isə məğlubiyyətlə nəticələnib ki, onların 16-sı elə ilk görüşdə qeydə alınıb.
ANSPRESS
DOSTLARINLA PAYLAŞ: