“Yetirmələrim revanş arzusundadırlar”
12 Fevral 2011 Şənbə 13:00
Baş məşqçi “Neftçi” – “Xəzər Lənkəran” oyunu barədə fikirlərini ANS-lə bölüşüb
Sabah Unibank Premyer Liqasında prinsipial matç baş tutacaq. Turnir cədvəlində ilk iki yerdə qərarlaşmış “Neftçi” və”Xəzər Lənkəran” klubları Tofiq Bəhramov adına Respublika Stadionunda üz-üzə gələcəklər. “Neftçi”nin baş məşqçisi ANS-ə müsahibəsində matçın prinsipial xarakter daşıdığını bildirib.
“Biz bu oyuna ilk növbədə çempionatımızın növbəti turunun qarşılaşması kimi baxırıq. Ancaq bu matçın çox prinsipial keçəcəyini də gözləyirik. İlk dövrədə “Neftçi” Lənkəranda “Xəzər Lənkəran”a son dəqiqə qolu ilə uduzmuşdu. Yetirmələrim bu oyuna həmin matçın revanşı kimi yanaşırlar. Hədəfimiz oyunda yalnız qələbə qazanmaqdır. İlk növbədə çalışacağıq ki, öz oyunumuzu oynayıq. Bundan başqa rəqibin də güclü və zəif cəhətlərini nəzərə alaraq ona uyğun futbol nümayiş etdirəcəyik”, - deyə Arif Əsədov qeyd edib.
Xatırladaq ki, ilk dövrədə Lənkəranda baş tutan oyunda “Xəzər Lənkəran” “Neftçi”ni 1:0 hesabı ilə məğlub etmişdi. XX tur çərçivəsində keçiriləcək “Neftçi” – “Xəzər Lənkəran” matçı isə sabah 18:00-da start götürəcək.
DOSTLARINLA PAYLAŞ: