Bu gün futbol üzrə Azərbaycan yığması Dünya çempionatının seçmə mərhələsi çərçivəsində Avropanın ən güclü komandalarından biri olan Almaniya millisini qəbul etdi. Oyunun ilk dəqiqələri qarşılıqlı hücumlar şəraitində keçdi. Oyunun 5-ci dəqiqəsində Şvanştaygerin qapımıza doğru zərbəsi qeyri-dəqiq alındı. Ardından 8-ci dəqiqədə təşkil olunan hücum zamanı Elvinin zərbəsi müdafiəçilərdən geri döndü. Vüqarın təkrar zərbəsi də səmərəsiz oldu.
Matçda almanların qolu özünü çox gözlətmədi. 13-cü dəqiqədə Şvanştaygerin qapıya doğru endirdiyi ikinci zərbə qolla nəticələndi və bu qoldan sonra Qomes və Lam qapımıza ardıcılıqla zərbələr endirdilər. Yaxşı ki, Fərhad yerində idi.
45-ci dəqiqədə Kloze də meydanda olduğunu göstərməyə çalışdı və zərbəsi qapıdan aralı keçdi.
Matçın ikinci hissəsi komandamızın bir neçə hücumu ilə yadda qaldı. 54-cü dəqiqədə "alman maşını " ikinci dəfə işə düşdü və Klozenin timsalında millimizi cəzalandırdı. Belə ki, Qomesin qapımıza vurduğu zərbə dirəkdən dönsə də, Kloze əziyyət çəkmədən başını "işlətdi". Qoldan əsəbləşən yığma komandamız 57-ci dəqiqədə sürətli əks hücum təşkil etdi. Amma neyləmək olar ki, Railin gözəl reydindən sonra qapıya dəqiq zərbə vuran tapılmadı.
Millimizin 62-ci dəqiqədə Elvinin sol cinahdan qapıya güclü zərbəsini Enke çətinliklə dəf etdi. 65-ci dəqiqədə isə Cavadov müdafiəçiləri keçərək Almaniya kimi üç qat dünya çempionuna qol vurmaq şansını boşa verdi. 67-ci dəqiqədə də növbəti gözəl hücum nəticəsiz qaldı. Vaqif rəqib müdafiəçiləri aldadaraq Çertoqanova ötürmə etdi və yenə qeyri-dəqiqlik almanları qoldan xilas etdi. 87-ci dəqiqədə Vaqifin zərbəsi qapıdan aralı keçdi. Və nəhayət hakimin fiti səsləndi. Yenə məğlubiyyət, yenə qolsuzluq...!
Xatırladaq ki, bu, millimizin seçmə mərhələdə 5-ci oyunudur. Bundan əvvəlki oyunlarda yalnız bir xal qazanan yığmamız hələ ki, rəqib qapısına yol tapmayıb. Almaniya isə Rusiya ilə birlikdə qrup liderliyi uğrunda mübarizə aparır. Rəqib hazırda 19 xalla 4-cü qrupun birinci pilləsində qərarlaşıb.
Samin Abdullayev /ANS PRESS/