Futbol üzrə Azərbaycan Premyer Liqasının növbəti mövsümünə hazırlaşan “Xəzər Lənkəran” klubu Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışını davam etdirir.
Klubun rəsmi internet saytının yazdığı məlumata əsasən, hazırlıq çərçivəsində lənkəranlılar növbəti yoxlama oyununu keçirib. Həmyerlilərimizin bu dəfəki rəqibi Türkiyənin I liqa təmsilçisi “Samsunspor” klubu olub. Matçda vurulmuş yeganə qolun müəllifi türk olsa da, hesabda irəli çıxan “Xəzər Lənkəran” klubu olub. Belə ki, lənkəranlıların türkiyəli legioneri Fatih Sonkaya həmyerlilərini məyus edib. Qarşılaşmanın son dəqiqələrində hesabı bərabərləşdirə bilməyən yerli komanda kobud oyuna üstünlük verib. Bundan sonra isə futbolçular arasında yaranan kiçik insident sonradan bir qədər də böyüyüb. Bu səbəbbən baş hakim görüşü yarımçıq dayandırmalı olub.
Gəray Qiyasov /ANS PRESS/