Futbol üzrə Azərbaycan Premyer Liqasının XX turu çərçivəsində bu gün keçirilməli olan 4 qarşılaşmadan biri artıq başa çatıb. Öz meydanında "Standard"ı qəbul edən "Xəzər-Lənkəran" böyük hesablı qələbə qazanıb. Lənkəran şəhər stadionunda keçirilən qarşılaşma "Xəzər-Lənkəran"ın 4-0 hesablı qələbəsi ilə başa çatıb. Lənkəran təmsilçisinə qələbə qazandıran qolları Juninyo, İvan Svetkov, Rahid Əmirquliyev və Mario Souza "Standard"ın qapısından keçirib. Bu qələbədən sonra xalını 43-ə yüksəldən "Xəzər-Lənkəran" turnir cədvəlində 3-cü pillədə qərarlaşıb.
Matçdan öncə isə “Xəzər-Lənkəran”ın yeni təlim-məşq mərkəzinin açılışı olub. Açılış mərasimində AFFA və “Xəzər Lənkəran” rəhbərliyi ilə yanaşı futbol ictimaiyyətinin nümayəndələri də iştirak edib.
“Xəzər-Lənkəran”ın yeni təlim-məşq mərkəzi klub və komanda üzvlərinin, eləcə də qonaqların yerləşdirilməsi üçün nəzərdə tutulmuş 4 mərtəbəli binadan, böyük hovuz, sauna və trenajor zallarından və 60 nəfərlik yeməkxanadan ibarətdir. Binanın 5-ci mərtəbəsində yay kafesi fəaliyyət göstərəcək. Burada həmçinin bilyard və tennis masaları yerləşdiriləcək.
Mərkəzin binasında 43 otaq olacaq ki, bunlardan biri prezident otağı, 14-ü lüks tipli otaq, digərləri isə adi iki nəfərlik otaqlardır. Futbolçuların sağlamlığı, fiziki hazırlığı və zədəsonrası bərpası prosesinə xüsusi diqqət ayırmaq məqsədilə mərkəzdə xüsusi avadanlıqlarla təchiz edilmiş müayinə, fizioterapiya və masaj otaqları fəaliyyət göstərəcək. /ANS PRESS/