“Xəzər Lənkəran”da Kosta-Rika futbolçusu Uinston Parks
16 Avqust 2010 Bazar Ertəsi 20:10
Uinston Parksla iki illik müqavilə imzalanıb.
“Xəzər Lənkəran” klubu bu gün yeni futbolçu Kosta-Rika vətəndaşı olan Uinston Antonio Parks Tifet (Uinston Parks) ilə iki illik müqavilə imzalayıb. Bu barədə cənub klubunun mətbuat xidməti məlumat yayıb.

1981-ci il təvəllüdlü hücumçu Uinston Parks öz professional futbol karyerasını 16 yaşında başlayıb. Onun ilk oynadığı komanda doğma Limon şəhərinin "Limonense" klubu olub. O, 1999-cu ildə Nigeriyada, daha sonra Argentinada 20 yaşa çatmayan gənclər arasinda Dünya çempionatında öz ölkəsinin milli komandasında çıxış edib. 2000-ci ildə Uinston Parks Avropaya gedərək orada İtaliyanın "Udineze" klubu ilə anlaşıb və 1 ildən artıq bu komandanın şərəfini qoruyub. Daha sonra futbolçu həmin ölkənin “Askoli” klubuna keçib. 2002-2006-cı illəri Parks Rusiyanın “Lokomotiv” klubuna keçib, iki dəfə bu ölkənin çempionluğunu qazanıb və superkubokun qalibi olub. Premyer Liqada 64 matçda 13 qol vuran Parks Rusiyada “Lokomotiv“dən başqa “Saturn”un da şərəfini qoruyub. 2006-2007 mövsümünü Uinston Parks Çexiyanın Liberek şəhərinin "Slovan" klubunda çıxış edib, sonra isə doğma ölkəsinə qayıdıb və orada 2007-2008 mövsümündə yerli “Alaxoela” komandasında keçirib. 2008-ci ildən isə o Rumıniyanın "Timişoara" klubunda çıxış edib.

Qeyd etmək lazımdır ki, Uinston Parks Azərbaycana transfer olunan ilk əcnəbi futbolçudur ki ölkəsinin milli yığmasının tərkibində Dünya cempionatlarında iştirak edib. Məhz bu futbolçu 2002-ci ildə Yaponiyada və Cənubi Koreyada keçirilən Dünya çempionatında üçüncü yer qazanan Türkiyənin qapısına qol vurub (1:1). Ümumiyyətlə Uinston Parks artıq 10 ildir ki Kosta-Rika milli yığmasının üzvüdür. Son iki həftə bundan öncə bu ölkə millisinin heyyətində o, İsveçrə millisinə top vurmaqla da fərqlənib (1-0).

Uinston Parks evlidir, iki oğlu var. Doğma olan ispan dilindən başqa ingilis və italyan dillərində danışır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar