Xanım şahmatçımız Xəyalə Abdulla Polşa turnirində növbəti qələbəsini qazanıb
07 Avqust 2010 Şənbə 22:00
20 yaşadək şahmatçıların turnirində 6 nəfərlə təmsil olunuruq.
Polşada keçirilən 20 yaşadək şahmatçıların Dünya birinciliyində dördüncü turun oyunları arxada qalıb. Xanım qrossmeysterlərimizin uğurla çıxış etdiyi yarışda, oğlan şahmatçılarımız ümidləri hələ ki doğrultmur.
Polşada təşkil olunmuş şahmat üzrə dünya birinciliyində mübarizə aparan 2 xanım şahmatçımızdan biri 4-cü turu qələbə ilə başa vurub. Söhbət Xəyalə Abdulladan gedir. Xəyalə bu tur Peru təmsilçisi Deysi Estellanı mat edib. Digər həmyerlimiz Gülnar Məmmədova isə Belarus şahmatçısı Nastasiya Ziaziulkinayla sülh bağlayıb. Bu nəticələrdən sonra Xəyalə Abdulla topladığı 3 xal yarıma turnir cədvəlinin ikinci pilləsinə yüksəlib. Onunla eyni miqdarda xala malik Gülnar Məmmədova isə digər göstəricilərin aşağı olması səbəbindən 4-cü yerdə qərarlaşıb. Hər iki zərifimiz liderdən cəmi yarım xal geri qalır. Xanımlarımızdan fərqli olaraq oğlan şahmatçılar ümidləri doğrultmurlar. Yarışda mübarizə aparan 4 şahmatçımızdan 1-i bu tur qələbəni bayram edib. Vüqar Rəsulov polşalı Damiyen Tevtakı məğlubiyyətə uğradıb. Vasif Durarbəyli və Ülvi Bacarani müvafiq olaraq Tadeas Krebel və İlya Nijniklə heç-heçə edib. Eltac Səfərli isə gözlənilmədən hindistanlı rəqibi Upadyaya Anveşə uduzub. Hazırda oğlan qrossmeysterlərimizdən heç biri ilk 20-liyə düşə bilməyib.
Qeyd edək ki, 13 turdan ibarət olan dünya birinciliyinə avqust ayının 16-da yekun vurulacaq. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: