Xanım güləşçilərimizdən uğursuz çıxış
08 Sentyabr 2010 Çərşənbə 23:15
Moskva turnirində komandamızın xanım üzvləri medalsız qalıb.
Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən güləş üzrə Dünya çempionatı davam edir. Bu gün mundialda mübarizəyə qadın güləşçilər qoşulublar. Yunan-Roma güləşçiləri arasında isə son mükafatçılar müəyyənləşib.
Yunan-Roma güləşçiləri arasında son medal ümidimiz ağırlığı 74 kq olan Rafiq Hüseynov idi. O, Rusiyada keçirilən Dünya çempionatının ilk görüşündə isveçli Patrik Rossenqeri məğlub etsə də, 2-ci görüşündə Türkiyəli Səlcuk Çəbiyə uduzub. Türkiyə güləşçisinin finala qədər irəliləməsi Rafiqin bürünc medal şanslarını saxlayıb. Təsəlli yarışlarında Dominikanlı Brea Motaya qalib gələn güləşçimiz bürünc medala bir addım da yaxınlaşıb. Üstəlik, xorvatiyalı Nevan Zuqadj da Hüseynovla bacara bilməyib. Lakin, güləşçimiz bürünc medal uğrunda son döyüşdə rusiyalı İmil Şərafətdinova uduzaraq, dünya çempionatını 5-ci pilldə başa vurub.
Qadın güləşçilərin yarışının ilk günündə isə Azərbaycanın iki idmançısı medallara iddia edib. 48 kq çəki dərəcəsində yarışan Patimat Baqomedova dünya çempionatına qırğızıstanlı Mihrniso Nurmatova ilə görüşdə qazandığı qələbə ilə başlayıb. 1/8 finalda Venesuellalı Maelyis Kastiyo səddini asanlıqla aşan Patimat, yarımfinala vəsiqə uğrunda qarşılaşmada tunisli Maro Mezeni məğlub edib. Lakin, həmyerlimiz Rusiyalı Larisa Orjaka uduzaraq, qızıl medal şansını itirib. Xanım güləşçimiz bürünc medal uğrunda döyüşdə isə çinli Saşa Zaoya məğlub olaraq turniri beşinci yerdə başa vurub.
Xanım güləşçilərimizdən ağırlığı 51 kq olan Anjela Doroqan finalçı, yaponiyalı Yui Horouçiyə uduzduğundan təsəlli yarışlarına qatılıb. Lakin, o bu şansdan yararlana bilməyərək, iseveçli rəqibinə uduzub. Nəticədə Anjela dünya çempionatını medalsız başa vurub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: