Vüqar Həşimov yığmadan kənarlaşdırıldı
08 Sentyabr 2010 Çərşənbə 23:05
İspan klubunda çıxış etmək şahmatçımız Vüqar Həşimova baha başa gəlib.
Rusiyanın Xantı Mansiysk şəhərində keçiriləcək şahmat olimpiadasında mübarizə aparacaq Azərbaycan yığma komandasının heyətində dəyişiklik edilib. Gənclər və idman naziri Azad Rəhimovun erməni əsilli Kasparovun adını daşıyan ispan klubunda çıxış etdiyini görə tənqid etdiyi Vüqar Həşimov Eltac Səfərli ilə əvəzlənib.
Rusiyada keçiriləcək şahmat olimpiadasına Vüqar Həşimov aparılmayacaq. Bu qərarın səbəbi hələlik rəsmən açıqlanmayıb. Dəqiq olan odur ki, Vüqarı Xantı Mansiyskidə Eltac Səfərli əvəz edəcək. Onun yığma komandadan kənarlaşdırılmasına atası Qasım Həşimovun münasibətini öyrəndik. Qrossmeysterin atası bu qərarın onlar üçün də təəccüblü olduğunu deyib.
Qasım Həşimov oğlunun İspaniya çempionatında erməni əsilli Kasparovun adını daşıyan klubda oynamasına qarşı olan tənqidlərə də münasibət bildirib. Onun sözlərinə görə, oğlu artıq 3 ildir ki, bu klubun şərəfini qoruyur və kollektivin Kasparova heç bir aidiyyatı yoxdur. Sadəcə olaraq, komanda yarananda Kasparov orada olduğu üçün sponsor öz adı ilə bərabər onun da adını klubun adına əlavə edib. Qasım Həşimov onu da bildirib ki, bu məsələ ilə bağlı izahat verməyə və birlikdə araşdırma aparmağa hazırdır. Mən hesab edirəm ki, araşdırmaya ehtiyac var. Bu sözlər də Vüqarın atasına aiddir.
Xatırladaq ki, bir neçə gün bundan əvvəl Gənclər və İdman Naziri Azad Rəhimov şahmatçımız Vüqar Həşimovun İspaniya çempionatında erməni əsilli Harri Kasparovun adını daşıyan klubun heyətində çıxış etməsini tənqid etmişdi. O, bu məsələ ilə bağlı izahat tələb olunduğunu, lakin Vüqar Həşimovun bu haqda bu günə qədər izahat vermədiyini bildirmişdi. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: