Voleybolçu qızlarımız finalda bolqarlara məğlub oldu
12 Noyabr 2011 Şənbə 21:10
Qadınlardan ibarət yığma komandamız London-2012 Yay Olimpiadasına vəsiqə qazanmaq şansını itirib.
Bu gün Bakı İdman Sarayında voleybol üzrə qadınlar arasında keçirilən Avropa olimpiya təsnifat turnirinin final görüşü keçirilib. Yarışın həlledici oyununda Azərbaycan və Bolqarıstan seçmələri üz-üzə gəlib.

Kifayət qədər gərgin keçən final görüşünün ilk seti millimiz üçün uğursuz alınıb. Rəqib komandanın blokda güclü oyunu yığma komandamızın birinci seti 25-12 hesabı ilə uduzması ilə nəticələnib. Buna baxmayaraq, komandamız ikinci setdə özünə gələ bilib. Faiq Qarayevin yetirmələri ikinci hissəni 25-21 hesabı ilə irəlidə bitirməklə ümumi hesabı bərabərləşdirib-1:1.

Lakin Bolqarıstan seçməsi üçüncü setdə də millimizdən üstün oyun nümayiş etdirərək 25-18 hesablı qələbə ilə yenidən önə keçdilər-2:1. Qələbəni əldən vermək istəməyən yığma komandamız 4-cü setdə əzmkar qələbə qazanaraq hesabda status kvonunu bərpa etdilər-2:2.

Finalda ən güclünü müəyyənləşdirmək üçün cütlük tay-brekdə mübarizə aparmalı oldu. Sonuncu, yəni həlledici setdə yığma komandamız 15:9 hesabı ilə məğlub oldu: Azərbaycan - 2, Bolqarıstan - 3.

Bununla da, voleybol üzrə qadınlardan ibarət yığma komandamız London-2012 Yay Olimpiadasına vəsiqə qazanmaq şansını itirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar