Vitali Kliçkonu sillə ilə vuran idmançıya ağır cəza verildi
29 Fevral 2012 Çərşənbə 14:35
Derek Çisora WBC-in təşkil etdiyi yarışlardan qeyri-müəyyən müddətə kənarlaşdırılıb.
Ümumdünya Boks Şurası (WBC) ingilis boksçu Derek Çisoranı ukraynalı Vitali Kliçko ilə döyüşdən əvvəl və sonra yaratdığı qalmaqala görə, qeyri-müəyyən müddətə diskvalifikasiya edib. ANS PRESS-in WBC-in rəsmi satyına istinadən verdiyi məlumata görə, boksçu öz hirsini idarə etmək üçün təşkil ediləcək xüsusi kurslarda iştirakına qədər bu qurumun təşkil etdiyi yarışlarda iştirak edə bilməyəcək.
Ancaq Derek Çisoraya verilən cəza bununla yekunlaşmayıb. O, WBC-in reytinqindən də kənarlaşdırılıb. Yaxın günlərdə isə Derek Çisoranın məsələsinə bir də baxılacaq. Bundan sonra ingilis boksçunun nə qədər cərimə olunacağı da müəyyənləşdiriləcək.
Xatırladaq ki, Derek Çisora Vitali Kliçko ilə döyüşdən əvvəl təşkil edilmiş mətbuat konfransında rəqibini sillə ilə vurmuşdu. O, döyüş başlamazdan əvvəl Vitali Kliçkonun kiçik qardaşı Vladimirin üzünə tüpürmüşdü. Qalmaqallı boksçu xal hesabı ilə uduzduğu döyüşdən sonra təşkil edilən mətbuat konfransında keçmiş çempion Devid Heylə də dalaşmışdı.
DOSTLARINLA PAYLAŞ: