Verdikləri pulu alıb, sonra Qarabağa buraxdılar
15 Fevral 2011 Çərşənbə Axşamı 19:13
Futbolçu "Eskişəhərspor"dan ayrılmasının təfərrüatlarını açıqlayıb
“Qarabağ” futbol klubu Türkiyənin “Eskişəhərspor” klubundan transfer etdiyi Rəşad Sadıqovun təqdimat mərasimini keçirib. Karyerası boyunca ilk dəfə ictimaiyyətə təqdim edildiyini deyən Rəşad Sadıqov “Qarabağ”la 6 aylıq müqavilə imzaladığını bildirib.
"Ağdam klubu ilə 6 aylıq müqavilə bağladım. Çünki yenidən legioner həyatı yaşamaq istəyirəm. Türkiyədən yenidən təklif alsam, gedəcəm”, - deyən futbolçu Rusiya klublarından da dəvətlər gəldiyini açıqlayıb.
Sadıqov deyib ki, "Eskişəhərspor"dan "Qarabağ"a keçidi gözlənilməz olub. Futbolçu "Eskişəhərspor"da ehtiyatda qalmasının səbəblərinin olduğunu da qeyd edib: "Ehtiyatda qalmağım Türkiyəyə vurduğum qolla əlaqəli deyil. Ondan əvvəl, Rza Çalımbayın vaxtında da ehtiyatda idim. Türkiyəyə qol vurduqdan sonra əsas isə heyətdə yer almağa başladım. Amma sonradan ehtiyatda olmağımın səbəbini bilmirəm. Zədədən sonra əsas heyətdəki yerimi itirdim. Mənə təklif göndərən 2 kluba "yox" cavabı verib, "Eskişəhərspor"da oynayacağımı dedim. Təlim-məşq toplanışındakı bir çox oyunda əsas heyətdə yer aldım. Sonra isə baş məşqçi Bülənt Uyğun Nadareviçə şans verdi. "Qalatasaray"la oyundan sonra mənə şans verəcəyinə inam yaranmışdı. Amma Bülənt Uyğunla söhbətdə başa düşdüm ki, o, yenə də Nadareviçə şans verəcək. Bülənt Uyğunla söhbətimdə hiss etdim ki, mən onun gələcək planlarında yoxam. Mənə isə oynamaq lazımdır. Ona "Qarabağ"a keçmək istədiyimi bildirdim. O isə heç nə demədi. "Qarabağ" rəhbərliyi də onunla danışıqlar aparmışdı. Transferimin gecikməsi isə klub prezidentinin məni buraxmaq istəməməsi idi. Ancaq ona da başa saldım ki, mən baş məşqçinin planlarında yoxam. "Eskişəhərspor"un mənə borcu olduğu halda, onlara müəyyən məbləğ ödədim, sonra "Qarabağ"a keçidim baş tutdu".
Rəşad əvvəlki formada olmadığını etiraf edib: "Macarıstan millisilə oyunda özümü tanıya bilmirdim. Mən Bülənt Uyğuna oynamaq istədiyimi dedim. O da karyerama zərər olmasını istəmədiyini deyərək, "Qarabağ"a keçidimə razılıq verdi. Bülənt Uyğunun məni belə asanlıqla komandadan getməyimə razılaşmasını gözləmirdim. Son dəqiqəyə qədər gəlmək istəmirdim. Bilsəydim ki, 7-8 tur əsas heyətdə yer alacağam, gəlməzdim. Gəlişimin mənim üçün mənfi cəhətləri daha çoxdur. Amma Uyğunun mövqeyindən sonra qalmaq istəmədim. Sentyabrdan qalan pulumu bir həftə əvvəl vermişdilər. Verdikləri pulu alıb, sonra "Qarabağ"a buraxdılar".
DOSTLARINLA PAYLAŞ: