Vaqif Sadıqov: “Depressiyadan çıxmağa çalışıram”
22 Fevral 2010 Bazar Ertəsi 13:00
Baş məşqçi Vaqif Sadıqov “Neftçi”dən istefa verməsinin səbəblərini ANS PRESS-ə açıqladı
Futbol üzrə Unibank Premyer Liqasında XXII tur baş məşqçi istefası ilə yadda qaldı. Futbolumuzun flaqmanı adlandırılan “Neftçi” klubunun baş məşqçisi Vaqif Sadıqov, klub “İnter”ə 0:1 hesabı ilə məğlub olduqdan sonra istefa verməyi lazım bildi. Bu məsələyə aydınlıq gətirmək və istefasının səbəblərini dəqiqləşdirmək məqsədilə “Neftçi”nin artıq sabiq baş məşqçisi Vaqif Sadıqovla əlaqə saxladıq:
- Vaqif müəlləim istafa verməyinizə səbəb nə oldu?
- “Neftçi” hədəfi böyük olan bir klubdur. Bu klub həmişə ən yüksək yerlər uğrunda mübarizə aparır. Mən isə özümdə “Neftçi”yə uğur qazandırmaq üçün kifayət qədər gücü və enerjini görmürdüm. Buna görə də, ən doğru olanı etdim. İstefa verməyimin səbəbi klubun gələcəyini düşünməyimlə bağlı oldu.
- Siz ölkəmizdə ən təcrübəli futbol mütəxəssislərindən birisiniz. Ölkəmizdə müxtəlif klublara rəhbərlik etmisiniz, yığmanın baş məşqçisi olmusunuz. İndi “Neftçi”yə kömək etmək gücündə olmadığınızı deyirsiniz. Sözünüzdən belə çıxır ki, kluba əcnəbi məşqçi gətirməyin vaxtıdır?
- Azərbaycanda kifayət qədər yaxşı futbol məşqçiləri var. Mən həmişə obyektiv insan olmuşam. Etiraf etmək lazımdır ki, məndən əvvəl də “Neftçi”yə yerli mütəxəssis rəhbərlik edirdi. Biz heç birimiz rəhbərliyin qarşımıza qoyduğu vəzifənin öhdəsindən gəlmədik. Məncə “Neftçi”yə yerli və ya əcnəbi baş məşqçinin təyin edilməyinin elə də fərqi yoxdur. Əsas odur ki, məşqçi klubun ümumi xəttinə sadiq qalsın.
- Karyeranızı davam etdirmək baxımından planlarınız nədir?
- Hələ ki, düşdüyüm depressiyadan çıxmaq, özümə gəlməyə çalışıram. Biz məşqçilərin taleyinə 1 il işləmək, 2 il işsiz qalmaq yazılıb.
- “Neftçi” rəhbərliyinə hər hansı sözünüz varmı?
- Komandaya uğurlar arzulayıram. Düşünürəm ki, “Neftçi” hələ çempionluq şansını itirməyib. Qarşıda 10 oyun var. Çempionatda yaranan 3 həftəlik fasilədən istifadə edərək “Neftçi” növbəti oyunlara yaxşı hazırlaşmalıdır. “Neftçi”nin prezidenti Sadıq Sadıqovun düzgün yolda olduğunu güman edirəm. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: