Vaqif Cavadov "Volqa"dan qovulmayıb
11 Yanvar 2012 Çərşənbə 22:25
Klubun mətbuat katibi: "Onun qovulması ilə bağlı xəbər düz deyil, sadəcə olaraq Vaqif Cavadov komanda ilə birlikdə Türkiyədə deyil".
Bu günə damğa vuran xəbər “Volqa”da top qovan futbolçu Vaqif Cavadovun klubdan qovulması oldu. Üstəlik, Vaqif Cavadovun klubu ilə birlikdə Antalyada təlim-məşq toplanışında olmaması da şübhələri artırıb.

Futbolçunun özü və klubu ilə əlaqə saxlayanda, məlum oldu ki, bu deyilənlər əsassızdır. Amma Vaqif Cavadov doğrudan da klubla birlikdə Antalyada təlim-məşq toplanışına qatılmayıb.

“Volqa” klubunun mətbuat xidmətinin rəhbəri Sergey Kozunov isə Vaqif Cavadovun müqaviləsinin davam etdiyini deyib. Onun sözlərinə görə, Vaqif hazırda “Volqa”nın oyunçusudur: “O indi də “Volqa”dadır və müqaviləsi hələ qüvvədədir, ləğv olunmayıb. Sadəcə olaraq təlim-məşq toplanışına gəlməyib. Onun komandadan qovulması ilə bağlı xəbər düz deyil. Sadəcə olaraq Vaqif klubla birlikdə Türkiyədə deyil”.

Qeyd edək ki, Vaqif Cavadov Rusiyanın “Volqa” klubuna 2011-ci ilin yayında transfer olunub. Ötən ilin oktyabrında isə o, Azərbaycan milli komandasından 1 il müddətinə kənarlaşdırılıb. Səbəb kimi onun Avro 2012-nin seçmə mərhələsi sərçivəsində Türkiyə ilə matçından əvvəl millinin düşərgəsini özbaşına tərk etməsi göstərilib. Həmin qərarda bildirilir ki, Cavadov Azərbaycan Premyer Liqasında çıxış edəcəyi təqdirdə, AFFA-nın intizam qaydalarına uyğun olaraq, 5 təqvim oyununu buraxacaq, klub isə 5000 manat cərimə olunacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar