Vaqif Cavadov müqaviləyə imza atdı
30 Avqust 2010 Bazar Ertəsi 16:35
Futbolçu Vaqif Cavadov 9 nömrəli forma altında “Bakı”da çıxış edəcək.
"Bakı" futbol klubu Azərbaycan milli komandasının üzvü Vaqif Cavadovu sıralarına qatıb. Futbolçu ilə müqavilə bu gün "Bakı" futbol klubunun bazasında imzalanıb. Klubdan verilən məlumata görə, "Bakı" futbol klubu adına müqaviləni vitse-prezident Zeynal Məmmədov imzalayıb.

Tərəflər arasında imzalanan sənədə əsasən, Vaqif Cavadov 1 il ərzində "Bakı" futbol klubunda icarə hüququ ilə oynayacaq. Futbolçunun məxsus olduğu Hollandiyanın "Tvente" klubundan müqavilənin qüvvəyə mindiyini təsdiq edən bütün sənədlər artıq "Bakı" futbol klubunun ünvanına daxil olub.

Vaqif Cavadov yeni klubunda 9 rəqəmli forma altında çıxış edəcək. Hazırda, milli komandamızın Almaniyada keçirdiyi təlim-məşq toplantısına yola düşən Vaqif sentyabr ayının 10-da Bakıya dönəcək.

O, komandamızın 12 sentyabr tarixində "Gəncə" ilə Premyer Liqa oyununda debüt edə bilər, hər halda onun həmin gün meydana çıxması üçün heç bir hüquqi məhdudiyyət yoxdur. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar