Vaqif Cavadov: AFFA-nın qərarı gülməlidir
20 Oktyabr 2011 Cümə Axşamı 16:04
Futbolçu Vaqif Cavadov cəzası ilə bağlı ANS-ə danışıb.
“AFFA Nizam-İntizam komitəsinin mənim barəmdə verdiyi qərar gülməlidir”. Bunu ANS-ə müsahibəsində “Volqa” klubunun hücumçusu Vaqif Cavadov deyib.
“Mən indiyədək bu qərarın kimə lazım olduğunu başa düşmürəm. Bütün bunlara baxmayaraq, klubumda oyunumu oynayıram. Bir daha təkrar edirəm ki, millidən imtina etməmişəm. Sadəcə demişəm ki, əgər milliyə lazım deyiləmsə məni Moskvaya göndərin. Görünür mən yığmaya lazım deyilidim ki, bu addımı atdılar”, - deyə Vaqif Cavadov bildirib.
Xatırladaq ki, Vaqif Cavadov Avstriya ilə oyundan sonra milli komandanın düşərgəsini tərk edib. Bununla da hücumçu Türkiyə ilə oyunqabağı Rauf Əliyevin yoxluğunda milli komandada hücumçu problemi yaradıb. AFFA Nizam-İntizam Komitəsi isə Vaqif Cavadovu bir illik milli komandadan kənarlaşdırıb. Eyni zamanda hazırda Rusiyanın “Volqa” klubunda çıxış edən Vaqif vətənə dönəcəyi təqdirdə 5 oyunda meydandan kənarlaşdırılacaq, onu transfer edən klub isə 5000 manat cərimələnəcək. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: