UEFA və AFFA prezidentləri görüşüb
12 Mart 2010 Cümə 21:00
UEFA və AFFA prezidentləri görüşüb. Görüş zamanı ölkəmizdə futbolun inkişafı, infrastrukturu və starteji planlar müzakirə olunub.
Bu gün İsveçrənin Nyon şəhərində UEFA-nın prezidenti Mişel Platini və AFFA-nın prezidenti Rövnəq Abdullayev arasında görüş keçirilib. Görüşdə UEFA-nın baş katibi Gianni İnfantino, Milli Assosiasiyalar Departamentinin rəisi Teodor Teodoridis, AFFA-nın vitse-prezidenti Elşad Nəsirov və baş katib Elxan Məmmədov da iştirak edib.

UEFA və AFFA prezidentləri Azərbaycanda futbolun inkişafı, infrastrukturu və gələcək illər üçün starteji planları müzakirə ediblər. Görüş zamanı 1994-cü ildən UEFA-nın üzvü olan Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına “Het-trik” proqramı çərçivəsində UEFA-nın hərtərəfli yardım göstərdiyi bildirilib.

“Bizim üç əsas prioteritetimiz var: Kütləvi futbol, təhsil və infrastruktur. Mən şadam ki, UEFA AFFA-nı nəinki texniki, həm də maliyyə cəhətdən dəstəkləyir. Heç şübhəsiz ki, UEFA-nın dəstəyi olmadan Avropada və digər milli assosasiyalarda futbol indiki kimi inkişaf etməzdi. Xüsusilə də Azərbaycan üçün UEFA-nın dəstəyi çox vacibdir. Son zamanlar futbol Azərbaycanda populyarlıq qazanıb, milli komandanın uğurları azarkeşlər arasında futbola marağı artırıb. Bizim vəzifələrimizdən biri futbolu daha da populyarlaşdırmaqdır. Bizim milli komandanın gələcəyi üçün strateji planımız var. Amma biz bilirik ki, milli komandanı inkişaf etdirmək üçün kütləvi futboldan başlamalıyıq, təhsilin səviyyəsini qaldırıb infrastrukturu inkişaf etdirməliyik. Biz öz vəzifələrimizi bilirik və gələcəyə baxışımız var”,-deyə Rövnəq Abdullayev bildirib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar