UEFA "Tvente"ni hədələyib
18 Fevral 2011 Cümə 17:53
Hollandiya klubunun prezidenti Jan van Halst maraqlı açıqlama verib
Hollandiyanın “Tvente” futbol klubunun prezidenti Jan van Halst komandasının UEFA tərəfindən hədələndiyini iddia edib. ANS PRESS-in “Goal.com” saytına istinadən verdiyi məlumata görə, klub prezidenti dünən Avropa Liqası turniri çərçivəsində Rusiyanın “Rubin” klubu ilə matça çıxmayacaqları təqdirdə, UEFA tərəfindən 3 il ərzində Avrokubok yarışlarında iştirakdan kənarlaşdırılacağı ilə bağlı hədə ilə üzləşdiklərini bildirib.
“Çox əsəbiyəm. Matça çıxmaq istəmirdik. Çünki belə soyuq havada futbol oynamaq olmaz. İstər Avropa Liqası olsun, istər Çempionlar Liqası, istər 10:0 qələbə qazanaq, istərsə də 0:10 hesabı ilə məğlub olaq fərqi yoxdur. Bir futbolçunun, bir insanın həyat riski olduğu zaman bütün bunların önəmi yoxdur. UEFA bir qədər anlayışlı davranmalıydı”, - deyə Jan van Halst qeyd edib.
Xatırladaq ki, dünən baş tutan “Rubin” – “Tvente” matçında qonaqlar 2:0 hesabı ilə qələbə qazanıb. Matçın başlama saatlarında oyunun keçiriləcəyi stadionda temperatur – 25 dərəcə olub.
DOSTLARINLA PAYLAŞ: