UEFA “Qarabağ” və “Bakı”ya 30 min avro verəcək
07 Avqust 2009 Cümə 11:50
Çempionatımız 13 Avropa ölkə birinciliyini geridə qoyub

 

Artıq iki klubumuz - “Qarabağ” və “Bakı” Avro Liqanın play-off mərhələsində mübarizə aparmaq hüququ qazanıb. AFFA-dan ANS PRESS-ə verilən məlumata görə, klublarımız bu mərhələni dəf etdiklərinə görə UEFA tərəfindən 30 min avro məbləğində pul əldə edəcəklər. Ancaq UEFA qrup mərhələsinə düşən klublara nə qədər məbləğ ayrılacağını  hələ ki, açıqlamır.

Klublarımızın Avropadakı uğurları ölkənin klub reytinqinə xal qazandırmaq baxımından da, əhəmiyyətlidir. Qeyd edək ki, Avropa miqyaslı turnirlərin təsnifat mərhələsində hər qələbə qazanmış komandaya 1, hər heç-heçə etmiş kluba isə 0,5 kavsent verilib.

Klublarımızın bu mövsümdəki uğurlu oyunları  ölkənin reytinqinə müsbət təsir göstərib. Artıq Azərbaycan birinciliyi 53 ölkənin çempionatları arasında 40-cı yerdədir. Bundan sonra play-off mərhələsində qazanacağımız daha 2 qələbə ölkəmizi 34-cü pilləyə yüksəldə bilər. Hər hansı klubumuz qrupa düşərsə,  ölkəmiz bonus kimi daha 4 xal qazanaraq 30-cu yerə yüksələcək. Qrup mərhələsində klublar hər qələbəyə görə ölkə reytinqini 2, heç-heçəyə görə isə 1 xalla zənginləşdirəcəklər. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar