UEFA “Qarabağ” – “Portadaun” matçının hakimini dəyişdi
19 İyul 2010 Bazar Ertəsi 14:55
UEFA “Qarabağ” – “Portadaun” matçının hakimini dəyişdi. Oyunu polşadan olan hakimlər briqadası idarə etməyəcək.
UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində təmsilçimiz “Qarabağ” Şimali İrlandiyanın “Portadaun” klubunu qəbul edəcək. Qarşılaşma iyulun 22-də saat 21:00-da, Tofiq Bəhramov adına respublika stadionunda oynanacaq.

AFFA-dan verilən məlumata görə, UEFA “Qarabağ” – “Portadaun” oyununu idarə edəcək hakimlər briqadasını dəyişdirib. Bu oyuna daha əvvəl polşalı hakimlər təyinat almışdılar. Lakin üçüncü təsnifat mərhələsində “Qarabağ”ın Polşa təmsilçisi “Visla” ilə qarşılaşmaq ehtimalını nəzərə alan UEFA baş hakim İqor Pristovnik, köməkçilər Sinişa Premuzay, Boşko Vukuşiçi (Xorvatiya) oyuna təyin edib.

Xatırladaq ki, “Qarabağ” səfərdəki ilk oyunda “Portadaun”u 2:1 hesabı ilə məğlub etmişdi. Təmsilçimiz rəqibini mübarizədən kənarlaşdırsa, böyük ehtimalla növbəti mərhələdə Polşanın “Visla” klubu ilə qarşılaşacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar