UEFA kuboku əldən çıxdı
24 Aprel 2010 Şənbə 22:05
“Araz” klubu üçüncü yer uğrunda mübarizə aparacaq.
Futzal üzrə Azərbaycan çempionu “Araz” klubu UEFA kuboku turnirinin finalına vəsiqə qazana bilmədi. Təmsilçimizin qitənin güclüsü adı uğrunda həlledici oyunda yolunu İspaniyanın “İntervyu” komandası kəsib.
Buna qədər 3 dəfə UEFA kubokunun qalibi olmuş “İntervyu” klubunun nə qədər ciddi rəqib olduğu ad-sanından bəlli idi. “Araz”la matçın ilk dəqiqələri də ispanların hücumları şəraitində keçib. Bunun məntiqi nəticəsi kimi 10-cu dəqiqədə “İntervyu” futzalçıları hesabı açıb. Torras cərimə zərbəsini dəqiq yerinə yetirib (1-0). Komandamız Joze Alesio Da Silvanın göstərişlərindən sonra oyunun gedişində dönüş yaradıb.
İlk hissənin başa çatmasına 2 dəqiqə qalmış, Biro Jade hesaba tarazlıq gətirib (1-1). Fasilədən sonra oyunda diqtə edən tərəf ispanlar olublar. Çox keçməmiş Qabriel İntervyunu yenidən hesada irəli çıxarıb. Prineylilərin qol sevinci uzun çəkməyib. Arazın heyətində Serjao status kvonu bərpa edib. 2-2. Qarşılaşmanın sonlarına yaxın ispanlar təzyiqi daha da artırıblar. Əvvəlcə Betao fərdi ustalığı sayəsində qapıçımız Tveryankini məyus edib.
Komandamızı məğlubiyyətdən qurtarmaq üçün baş məşqçi Joze Alesio Da Silva qapıçını oyunçu ilə əvəzləyib. Bu vəziyyətdən isə UEFA kubokunun 3 qat qalibi layiqincə faydalanıb. 37-ci dəqiqədə “İntervyu”nun çərçivə qoruyucusu Amado topu boş qapıdan keçirərək hesab arasındakı fərqi artırıb (4-2). 39-cu dəqiqədə isə Betaunun ötürdüyü topu qapıdan keçirən Daniel oyunda son nöqtəni qoyub (5-2).
Digər yarımfinal oyununda isə Portuqaliya təmsilçisi “Benfika” İtaliya çempionu “Luparense”ni 8-4 hesabı ilə məğlub edərək, finala adlayıb. Bu nəticələrdən sonra təmsilçimizin 3-cü yer uğrunda görüşdə italyanlar ilə qarşılaşacağı dəqiqləşib. Qeyd edək ki, “Araz” – “Luparense” oyunu sabah keçiriləcək. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: