UEFA Joze Mourinyunu cəzalandırdı
01 Dekabr 2010 Çərşənbə 00:35
Baş məşqçinin “qırmızı kart” taktikası “Real”a 215 min avroya başa gəldi
UEFA-nın Nəzarət-İntizam İnstansiyası (Nİİ) Madridin “Real” klubunun baş məşqçisi Joze Mourinyunu Çempionlar Liqasında iki oyunluq diskvalifikasiya edib. Təşkilatın rəsmi saytında yerləşdirilmiş məlumata görə, baş məşqçi “Ayaks”la oyundakı insidentə görə cəzalandırılıb.
Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunun sonunda oyunu qəsdən saxlamağa görə Madrid klubunun iki oyunçusu - Serxio Ramos və Xabi Alonso meydandan qovulmuşdu. Ehmal olunüur ki, Joze Mourinyu ehtiyat qapıçı vasitəsilə hər iki oyunçuya qırmızı kart almaq barədə təlimat verib. Ehtiyat qapıçı təlimatı əsas qapıçı İker Kasilyasa, o isə öz növbəsində Serjio Ramos və Xabi Alonsoya çatdırıb.
UEFA-nın rəsmi saytında yerləşdirilən məlumatda deyilir ki, “Real”ın baş məşqçisi 40 min avro məbləğində cərimə də edilib. Bundan başqa, Xabi Alonso və Serxio Ramos hər biri 20 min avro, İker Kasilyas 10 min avro, ehtiyat qapıçı Yeşi Dudek isə 5 min avro məbləğində cərimələnib. Xavi Alonso və Serxio Ramosa göstərilmiş qırmızı vərəqələr də qüvvədə saxlanılıb. “Real” klubuna isə 120 min avro cərimə tətbiq edilib.
Tərəflər UEFA Nİİ-nin qərarını aldıqdan sonra üç gün ərzində apellyasiya şikayəti verə bilərlər.
DOSTLARINLA PAYLAŞ: