UEFA iki Türkiyə klubuna Avropa kuboklarında iştiraka icazə verdi
17 İyun 2012 Bazar 01:30
Üç klubla bağlı qeyri-müəyyənlik isə davam edir.
UEFA Türkiyə Futbol Federasiyasına məktub göndərib. ANS PRESS-in NTV telekanalına istinadən verdiyi məlumata görə, Avropa futbol qrupu Türkiyənin “Qalatasaray” və “Trabzonspor” klublarına Avropa kuboklarında iştiraka icazə verdiyini açıqlayıb. Beləliklə, “Qalatasaray”ın Çempionlar Liqasında, “Trabzonspor”un isə Avropa Liqasında iştirakı ilə bağlı şübhələr aradan qalxıb.

UEFA-nın məktubunda “Fənərbağça”, “Beşiktaş” və “Bursaspor”un adı yoxdur. Bunun səbəbi üç klubla bağlı yekun qərarın verilməməsidir. “Fənərbağça” ilə bağlı UEFA-nın İntizam Komitəsində araşdırma aparılır. Araşdırmalar iyunun 25-də başa çatmalıdır. Son qərar da araşdırmanın nəticəsinə əsasən veriləcək.

“Beşiktaş” və “Bursaspor” klubları isə UEFA-nın qərarı ilə Avropa kuboklarında iştirakdan kənarlaşdırılıblar. Hər iki klub qərardan şikayət verib. Hər şey şikayət əsasında veriləcək qərardan asılı olacaq.

Amma UEFA-nın məktubunda üç klubun adının çəkilməməsi hər şeyin bitdiyi mənasını vermir. Çünki Avropa futbol qurumu bu klubların yerinə Avropa kuboklarında iştirak üçün başqa klublara dəvət göndərməyib. Bu isə o deməkdir ki, “Fənərbağça”, “Beşiktaş” və “Bursaspor” üçün Avropa kuboklarının qapısı tam bağlanmayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar