UEFA "Bakı"ya texniki məğlubiyyət verə bilər!
20 İyul 2010 Çərşənbə Axşamı 19:55
"Buduçnost"la ilk oyununun nəticəsi ləğv oluna bilər.
Avropa Liqasının II təsnifat mərhələsində “Bakı” klubunun Çernoqoriya təmsilçisi “Buduçnost”la ilk oyununun nəticəsi ləğv oluna bilər. Apasport.az saytının məlumatına görə, paytaxtın eyniadlı komandasının iyulun 15-də Tofiq Bəhramov adına Respublika stadionunda 2:1 hesabı ilə qalib gəldiyi görüşün nəticəsi texniki məğlubiyyətlə əvəzlənəcək. Buna “zolaqlılar”ın heyətində kamerunlu legioner Joel Epallenin meydana çıxması səbəb olub.
Belə ki, 2006/07 mövsümündə “İraklis”də (Yunanıstan) çıxış edən Joel UEFA kubokunun “Visla” (Polşa) ilə ilk görüşündə qırmızı vərəqə alıb. 2006-cı il sentyabrın 14-də keçirilən ilk qarşılaşmanın 71-ci dəqiqəsində cəzalanan afrikalı futbolçu meydandan birbaşa qovulduğu üçün ən azı 2 oyunluq diskvalifikasiya olunub.
Polşalılarla cavab matçını buraxsa da, yarımmüdafiəçinin cəzası tam bitməyib. “İraklis” iki oyunun nəticəsinə əsasən (Polşada 1:0 hesablı qələbə, Salonikidə 0:2 hesablı məğlubiyyət) mübarizədən kənarda qaldığından, Joelin cəzası hələ də qalmaqdadır. Futbolçu sonradan “İraklis”dən “Bohum”a keçsə də, almanlar axırıncı dəfə qitə miqyaslı turnirlərdə 2004/2005 mövsümündə mübarizə aparıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: