UEFA 2012-ci il Avropa çempionatının mükafat fondunu artırdı
18 İyun 2011 Şənbə 22:27
İndi hər bir komanda final turnirinə vəsiqə aldığına görə, 8 milyon avro qazanacaq.
2012-ci ildə Polşada və Ukraynada keçiriləcək futbol üzrə Avropa çempionatının final mərhələsinin mükafat fondunun məbləği əvvəlki turnirlə müqayisədə 12 milyon avro çox olacaq. Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) rəsmi saytında verilən məlumata görə, UEFA-nın İcraiyyə Komitəsinin İsveçrənin Nyon şəhərində iki gün davam etmiş iclasında 2012-ci ildə Avropa çempionatının mükafat fondunun məbləğini 2008-ci ildəki 184 milyon avro ilə müqayisədə 12 milyon avro artıraraq 196 milyona çatdırmaq qərara alınıb.
İndi hər bir komanda final turnirinə vəsiqə aldığına görə, 8 milyon avro qazanacaq. Qrup mərhələsi matçlarında heç-heçə oynayan komandaların hər birinə 500 min, bu matçlarda qələbəyə görə 1 milyon, qrup üzrə 3-cü yerə görə daha 1 milyon avro mükafat müəyyən edilib.
Dörddə bir finala çıxan komandaların hərəsi 2 milyon, yarımfinalçı komanda 3 milyon, gümüş mükafatçı 4,5 milyon, çempionatın qalibi isə 7,5 milyon avro bonus qazanacaq.
UEFA İcraiyyə Komitəsində onu da bildiriblər ki, Avropa-2012 çempionatı üçün seçmə matçların püşkatma mərasimi 2011-ci il oktyabrın 13-də Krakovda keçiriləcək. Turnirin final mərhələsinin püşkatma mərasimi dekabrın 2-də Kiyevdəki “Ukraina” milli incəsənət sarayında keçiriləcək.
Xatırladaq ki, 2012-ci il Avropa çempionatının ilk matçları iyunun 8-də Polşanın Varşava və Vrotslav şəhərlərində, final görüşü isə iyulun 1-də Kiyevdə keçiriləcək. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: