Türkiyə millisi qrup ikinciliyini riskə atdı
08 Oktyabr 2011 Şənbə 01:29
A qrupunda ikinci yerin sahibi son turda məlum olacaq
Avro-2012-nin seçmə mərhələsində Türkiyə millisi öz meydanında Almaniya yığmasına məlum oldu. Türklər üçün qrup ikinciliyini təmin etmək baxımından çox böyük əhəmiyyət daşıyan qarşılaşma almanların 1:3 hesablı qələbəsi ilə başa çatdı.
Oyunda ilk qolu 35-ci dəqiqədə Almaniya yığmasının oyunçusu Mario Qomez vurub. Birinci hissə bu hesabla başa çatıb. İkinci hissədə türklər hesabı bərabərləşdirmək üçün irəli atılsalar da, 66-cı dəqiqədə qapılarında ikinci qolu görüblər. Bu dəfə Müller fərqlənib. Bundan 13 dəqiqə sonra Türkiyə millisinin oyunçusu Hakan Balta hesab arasındakı fərqi azaldıb. Lakin 86-cı dəqiqədə almanlar penalti vurmaq imkanı qazanıblar və Bastian Şvaynştayger bu imkanı əldən verməyib - 1:3. Oyun bu hesabla başa çatıb.
İkincilik uğrunda mübarizədə Türkiyənin əsas rəqibi Belçika yığması isə səfərdə Qazaxıstan millisini məğlub edir. Belçikalılar 3 top fərqi ilə irəlidədirlər. Beləliklə, Belçika millisi xallarının sayını 15 çatdırır və qrup ikinciliyinə yüksəlir. Türkiyə yığmasının isə 14 xalı var. Növbəti turda Türkiyə millisi öz meydanında Azərbaycan yığmasını qəbul edəcək, Belçika yığması isə səfərdə Almaniya millisi ilə qarşılaşacaq. Qrupda ikinciliklə bağlı hər şey məhz son turda həll olunacaq. Türkiyə millisi ikinciliyi əldə etmək üçün mütləq Azərbaycan yığmasını məğlub etməli, Belçika yığması isə ən pis halda almanlarla heç-heçə oynamalıdır. Əgər belçikalılar Almaniyada qalib gəlsələr, o zaman Türkiyə millisinin qazana biləcəyi üç xalın heç bir əhəmiyyəti qalmayacaq.
DOSTLARINLA PAYLAŞ: