Türkiyə futbolunda qanlı hadisə
08 May 2011 Bazar 11:47
“Bursaspor”-“Beşiktaş” matçı başlamamışdan əvvəl azərkeşlərlə polis arasında qarşıdurma olub
Türkiyədə maraqla gözlənilən “Bursaspor”-“Beşiktaş” matçı ləğv edilib. ANS PRESS-in "CNN Türk"ə istinadən verdiyi məlumata görə, Türkiyə Super Liqasının növbəti turunda keçirilməsi nəzərdə tutulan matçın baş tutmamasına səbəb, oyun öncəsi Bursa “Atatürk” stadionu ətrafında yaşanan hadisə səbəb olub.
Belə ki, “Bursaspor” klubunun azarkeşləri görüş öncəsi stadionun qarşısında dayanaraq, “Beşiktaş” tərəfdarlarının oyuna gəlməsini istəmədiklərini bildiriblər. Bu zaman onlarla polislər arasında qarşıdurma baş verib. Bursalı fanatlar polisə daş atıblar. Polis də öz növbəsində onların qarşısını kəsməyə çalışıb. Bunun üçün polis gözyaşardıcı qazdan istifadə edib.
Hadisə ilə əlaqədar Türkiyə Futbol Federasiyasının idarə heyəti təhlükəsizliyin lazımi səviyyədə olmamasını əsas gətirərək, görüşü ləğv edib. Qərardan xəbər tutan bursalı fanatlar Bursa valisi Şahabettin Harputu günahlandırıblar. 1000-ə yaxın azərkeş valilik binasını daşlayıb. Polislə azarkeşlər arasında yenidən qarşıdurma olub.
Bursa valisi isə öz növbəsində oyunun ləğv edilməsində “Bursaspor” azərkeşlərini günahlandırıb. Valinin sözlərinə görə, qarşıdurma nəticəsində 25 polis və 9 vətəndaş yaralanıb, 100-dək azərkeş isə həbs olunub. Oyuna 8 avtobusla gələn 400-dək “Beşiktaş” klubunun azarkeşləri stadiondan 17 km aralıda saxlanılıb və bir müddət sonra İstanbula göndəriliblər.
Qeyd edək ki, təhlükəsizliyi təmin edə bilməmək və görüşün baş tutmamasına azarkeşlərinin səbəb olması üzündən “Bursaspor” klubuna texniki məğlubiyyətin veriləcəyi gözlənilir. Qərar mayın 12-də açıqlanacaq.
DOSTLARINLA PAYLAŞ: